Naxçıvan-İqdır birgə ticarət və investisiya komissiyası yaradılacaq - VİDEO

A- A A+

Naxçıvan məhsullarının ixracını və investorların muxtar respublikaya marağını artırmaq məqsədilə Naxçıvan-İqdır birgə komissiyası yaradılacaq. Ötən gün Naxçıvanda işgüzar səfərdə olan Türkiyənin İqdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bu barədə razılıq əldə edilib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın bölgə üçün ən mühüm əhəmiyyətindən biri də Naxçıvanın azad iqtisadi zonaya çevrilməsidir. Bu layihə Naxçıvanın turizm, tranzit və logistik imkanlarını artırmaqla həm də xarici investorlar üçün də böyük biznes üfüqləri açır. Sərəncamdan sonra Türkiyəli investorlar Naxçıvana daha böyük maraq göstərirlər.

Ötən gün İqdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti muxtar respublikaya işgüzar səfər edib. Qardaş ölkənin nümayəndə heyəti muxtar respublikada fəaliyyət göstərən “ENNA” MMC və “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də olub, istehsal olunan məhsullar və ixrac imkanları ilə maraqlanıblar.

İqdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə yeni mərhələdə qarşılıqlı ticarət əlaqələrinin perspektivləri müzakirə edilib. 

Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın müasir istehsal və xidmət sahələri ilə tanış olublar. Türkiyəli iş adamları yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar.

Daha sonra Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya və İqdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslanın iştirakı ilə görüş keçirilib. Muxtar respublikada fəaliyyət göstərən sahibkarların da iştirak etdiyi görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İqdır vilayəti arasında əməkdaşlıq imkanlarının, ticarət dövriyyəsinin artırılması sahəsində daha geniş layihələrin önəmi vurğulanıb.

Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” İqdır nümayəndə heyətinin diqqətinə çatdırılıb. Bildirilib ki, proqrama əsasən Naxçıvan azad iqtisadi zonaya çevrilir. 5 il ərzində muxtar respublikada mühüm iqtisadi layihələr reallaşdırılacaq, iş adamları və investorlar üçün əlverişli güzəştlər tətbiq olunacaq. Bu da yeni mərhələdə qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi, azad ticarət razılaşmalarının əldə olunması baxımından geniş perspektivlər açacaq.

Naxçıvanın Şərqlə Qərb arasında mühüm qapı kimi turizm imkanları xüsusi vurğulanaraq qeyd edilib ki, Zəngəzur dəhlizi turizm və xidmət sektorunda muxtar respublikanın rolunu əhəmiyyətli dərəcədə artıracaq. Buna görə də qardaş ölkənin investorları sözügedən sahələrə biznes yatırımları etməkdə maraqlı olmalıdırlar.

Qeyd edilib ki, Naxçıvanda istehsal olunan məhsullara, o cümlədən daş və orqanik kənd təsərrüfatı məhsullarına qardaş ölkənin yaxın vilayətlərində tələbat böyükdür. Buna baxmayaraq məhsulların Türkiyəyə ixracı bu potensialdan dəfələrlə aşağıdır. Görüşdə bu istiqamətdə məsələlərin tənzimlənməsi məqsədilə birgə komissiya yaradılması barədə razılığa gəlinib.

Görüşdə hər iki ölkənin sahibkarlarının, investorların təklifləri dinlənilib, türkiyəli iş adamları sözügedən dövlət proqramının icrası çərçivəsində reallaşdırılacaq layihələrdə, investisiya mühitinin canlandırılmasında fəal iştiraka dəvət olunub. 

Röyal Məmiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: