Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib
“Büdcə sistemi haqqında” Qanunun 20.2-1-ci maddəsinə əsasən hazırlanan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində təsdiq olunub.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar iclasının gündəliyində üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat təşkil edib. Beləliklə, gəlirlər proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur.
2022-ci il dövlət büdcəsinin xərcləri 32 milyard 64,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz azdır.
Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 385 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.
2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 100 milyard manatı ötərək, 133,8 milyard manat təşkil edib.
Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub və dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib.
Qanun layihəsinə görə, 2023-cü il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 860 milyon 367 min 727 manat müəyyənləşdirilir. 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.