“Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə şərait yaradılmasını nəzərdə tutur. NUHÇIXAN xəbər verir ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tabeliyində olan "ENNA” MMC tərəfindən istehsal edilən məhsulların Özbəkistan Respublikasına ixracına başlanılıb.
"ENNA” MMC 2022-ci ildə fəaliyyətə başlayıb. Müasir texnoloji avadanlıqlarla təchiz olunan müəssisədə istehsal prosesinin bütün mərhələləri tam avtomatlaşdırılıb. Burada istehsal olunan məhsullar əl dəymədən, əlavə qatqısız və qoruyucusuz olmaqla orqanik şəkildə hazırlanır. Saatda 40 min banka istehsal gücünə malik olan istehsal xəttində 4-ü enerji içkisi, 4-ü soyuq çay olmaqla 8 çeşiddə məhsul istehsal olunur.
Qafqazda ən böyük istehsal gücünə malik zavod yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə yerli və xarici bazara geniş çeşiddə məhsul təqdim etməyi hədəfləyib. Hazırda bu istiqamətdə işlərə başlanılıb. Artıq Naxçıvanın bu sevilən brendləri Özbəkistan Respublikasına ilk ixracını həyata keçirib.
Qeyd edək ki, “ENNA” MMC-də istehsal olunan alkoqolsuz içkilər İran İslam Respublikasına da ixrac olunur.
Mahmud Hüseynov