Növbəti plan : Azad iqtisadi zonalar

Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi regionun iqtisadi-sosial inkişafına yönələn ən böyük layihədir

A- A A+

Müasir dövrümüzdə cəmiyyətin və iqtisadiyyatın dayanıqlı inkişafının yeni istiqamətləri müxtəlif sahələrdə təzahür etməkdədir. Artıq dünya ölkələri anlayır ki, dünya birliyindən, əsas da, iqtisadi birlikdən kənarda yaşamaq və uğurla inkişaf etmək mümkün deyil. Ölkələrin iqtisadi əlaqələrinin artması son nəticədə, yüksək iqtisadi artım, müasir texnologiyaların və idarəetmə üsullarının tətbiqinin sürətlənməsinə səbəb olur. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə həm də yeni idarəetmə üsulları tətbiq olunur. Bu isə müsbət nəticələr verməkdədir. İşğaldan azad olunan ərazilərimizdə tətbiq olunan prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi kimi yeni idarəetmə modelləri artıq ilk başdan müsbət nəticələr verməkdədir. Regionlarda idarəetmə üsullarının müasirləşməsi, şəffaflığın artırılması, korrupsiya hallarına qarşı mübarizə bölgələrin iqtisadiyyatına müsbət təsir edir. Son illər ərzində Azərbaycan iqtisadiyyatında müsbət artım dinamikasını müşahidə edirik. Artıq ölkəmizdə neft-qaz və kommunikasiya layihələri uğurla başa çatdırılır. Belə bir şəraitdə, investisiya yatırımları sahəsində yeni yanaşmalar ortaya çıxır. Yəni dövlət maraqlıdır ki, qeyri-neft sektoru inkişaf etsin.

Bu gün ölkəmizdə xarici ticarət dövriyyəsi genişlənir, ixrac potensialı artır, ölkəyə xarici investisiyalar cəlb olunur. Bütün bu uğurları əldə etmək üçün isə davamlı olaraq iri layihələr icra olunur. Bu iri layihələr arasında azad iqtisadi zonaların (AİZ) yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda azad iqtisadi zonaların yaradılmasına 2007-ci ildən başlanılıb. Bununla bağlı ölkə başçısı 6 mart 2007-ci il tarixində Fərman imzalayıb. Bu fərmanı gələcəyə hesablanan ən mühüm dövlət sənədi kimi qiymətləndirmək olar.

Azad iqtisadi zonaların dünya təcrübəsi

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarətin vacib sahələrindən birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı həm də ixrac imkanlarını genişləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə müraciət etsək, görərik ki, həmin ölkələrdə olan bir çox perspektiv imkanlar Azərbaycana da uğurlar bəxş edə bilər.  Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrin də iqtisadiyyatına müsbət nəticələr verir. Azad iqtisadi zonaların regional təsirlərini əyani görmək üçün biz Dubaya və Şanxaya baxsaq, kifayət edər. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında azad iqtisadi zonanın salınması bu kiçik yaşayış məntəqəsini dünyanın ən inkişaf etmiş ticarət mərkəzlərindən birinə çevirib. Bu gün dünyada azad iqtisadi zonaların Çin təcrübəsi daha məşhurdur. Ölkəmizlə Çinin məşhur şəhərlərində, xüsusən də Şanxayda yaradılan azad iqtisadi zonaları müqayisə etdikdə, gələcəkdə Azərbaycanda da müəyyən pespektiv artımlar üzə çıxır.

Məsələ ilə bağlı Çinin Wuhan şəhərində yaşayan və burada magistr təhsili alan azərbaycanlı iqtisadçı Novruz Əsgərov öz fikirlərini bizə bildirdi.

“Çində hazırda 20-dən çox iqtisadi zona mövcuddur. Bunlardan biri də Şanxay azad iqtisadi zonasıdır. 2013-cü ildə yaradılan Şanxay azad iqtisadi zonası bu gün dünya üçün bir modeldir. Bu modelin üstünlüyü ondan ibarətdir ki, siz hər hansısa bir biznes fəaliyyəti ilə məşğul olmaq üçün heç bir əmlaka sərmayə qoymadan başlaya bilərsiniz. Burada biznesə başlamaq üçün proseslər də çox sadədir. Hardasa, iki-üç gün ərzində Şanxay azad iqtisadi zonasında sahibkarlıq fəaliyyətinə başlamaq olar. Məsələn, burada fiziki ofis tələbi yoxdur. Tələb olunan minimum kapital anlayışı yoxdur. Yəni öz biznesinizə istədiyiniz kapitalla başlaya bilərsiniz. Çox yaxşı haldır ki, Şanxay modelinin bir çox xüsusiyyətləri Azərbaycanda formalaşan azad iqtisadi zonalarda da var. Ələt azad iqtisadi zonasında bu xüsusiyyətləri biz gələcəkdə görəcəyik. Naxçıvanda yaradılması planlaşdırılan azad iqtisadi zonalar, eləcə də xüsusi gömrük rejiminin həyata keçirilməsi artıq Azərbaycan iqtisadiyyatının heç də inkişaf etmiş ölkələrin iqtisadiyyatından geri qalmadığını deyir”.

Azad iqtisadi zonalar Azərbaycana nə qazandıra bilər?

Əslində azad iqtisadi zonalar beynəlxaq qanunlar çərçivəsində idarə olunur. Yəni dövlət bu zonalara müdaxilə edə bilmir. Ancaq müəyyən hallarda təkliflər verir, müxtəlif güzəşt paketləri hazırlayır. Burada regionun yerləşmə mövqeyi də mütləq qiymətləndirilməlidir.

İqtisadçı-ekspertlərin fikrincə, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində yerləşməsi azad ticarət zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələtdə yaradılan azad ticarət zonası Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Ələtdə xüsusi rejimli zonanın yaradılması imkan verəcək ki, həm Bakı Beynəlxalq Dəniz Ticarəti limanı öz potensialını tam realizə etsin, eyni zamanda Azərbaycan həm Avropa həm də Asiya bazarlarına xidmət göstərəcək regiona çevrilsin.

Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak etdi. Burada investorlar üçün bir çox perspektivli xüsusiyyətlər var.

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar.

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur.

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur.

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır.

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt azad iqtisadi zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur.

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur.

Azad iqtisadi zonalar Naxçıvana nə qazandıracaq?

Ölkəmizdə regionların hərtərəfli inkişafı diqqətdə saxlanılır, iri layihələr icra olunur. Məqsəd ölkə iqtisadiyyatında dayanıqlı artımı təmin etməkdir. Bu gün Naxçıvan Muxtar Respublikasında da islahatlar aparılır, yeni layihələr icra olunur. Naxçıvan Azərbaycan üçün əhəmiyyətli və strateji regionlardan biridir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan türk dünyasını birləşdirən əsas mərkəz olacaq. Bütün bunlar nəzərə alınaraq Naxçıvanın inkişafı daim diqqətdə saxlanılır. Növbəti qayğı isə prezident İlham Əliyevin iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı oldu.

Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Bunlardan biri də Naxçıvanda azad iqtisadi zonanın yaradılmasıdır. Azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Zəngəzur dəhlizinin açılması ərəfəsində Naxçıvanın azad ticarət zonasına çevrilməsi muxtar respublikanın gələcəyini daha da parlaq edir. Mövzu ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun Naxçıvan televiziyasının “Obeyktiv” verilişinə verdiyi müsahibəsindən bir neçə məqamı xatırlayaq:

“Azad iqtisadi zona Naxçıvana daha çox investisiyanın cəlb edilməsi, eləcə də muxtar respublikada istehsal edilən məhsulların daha geniş bazarlara çıxarılması baxımından vacibdir. Bu eyni zamanda xüsusi gömrük rejiminin yaradılması ilə müşahidə olunacaq. Azad iqtisadi zona çərçivəsində sahibkarlar xeyli sayda güzəştlərlə təmin olunacaq. Bu imkan verəcək ki, xüsusi gömrük rejimi çərçivəsində, hətta Naxçıvan şəhərinin özündə belə xüsusi qiymətlərlə məhsulların təklifi reallaşsın. Bütövlükdə azad iqtisadi zonanın fəlsəfəsi Naxçıvanın sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır. Burada görülən işlər nəticəsində həm də ixtisaslı kadrların işlə təminatı yaxşılaşacaq”.

Göründüyü kimi Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi bir sıra yeni perspektiv imkanları ortaya çıxarır. Naxçıvanda azad iqtisadi zonanın yaradılması sahibkarlıq mühitinin inkişafına birbaşa şərait yaradacaq. Azad iqtisadi zonalarda müəyyən güzəştlər tətbiq olunur ki, bu da sahibkarlar üçün stimul olur. Naxçıvanda azad iqtisadi zonanın yaradılması bu kontekstlərdən faydalı olacaq.

Hansı ki,

- ticarət dövriyyəsi artacaq,

- investisiya və sərmayələrin yatırılması sürətlənəcək,

- məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq,

- ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanları genişlənəcək.

Azad iqtisadi zonaların fəaliyyəti digər iri layihələrin də reallaşmasını aktuallaşdıracaq. Ölkə prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsi yaradılıb. Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri təşkil olunur. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də azad iqtisadi zonaların tərkibində Şərur Sənaye Məhəlləsinin geniş fəaliyyəti və Aqroparkların yaradılmasıdır. Bu isə kənd təsərrüfatının inkişafını stimullaşdırır, bu sahədə bir çox uğurlar vəd edir.

Naxçıvanın bütün ərazisi üçün həm də gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Millət vəkili iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki:

“Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu ticarət mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək. Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur”.

Qəbul olunan Dövlət Proqramı və görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanın iqtisadiyyatının inkişafı bundan sonrakı mərhələlərdə də davamlı olaraq diqqətdə saxlanılacaq. Bu sahədəki təkliflər və layihələr hələ tam yekunlaşmayıb. Çünki gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanı ölkəmizin əsas iqtisadi regionlarından birinə çevirəcək.

 

Mətin Kamal

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: