İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir
Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, görüşdə iki ölkə arasında mövcud strateji əməkdaşlığı daha da gücləndirəcək layihələr, o cümlədən Orta Dəhliz layihəsi diqqət mərkəzində olub.
Hökumət başçısı deyib ki, ötən ilin noyabrında biz üçtərəfli memorandum imzaladıq. Biz bu layihədə Azərbaycan, Gürcüstan və Qazaxıstanla birlikdə bütün maneələri aradan qaldırmaq və Orta Dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik. Mərkəzi və Orta Asiya ölkələrinin, Çinin də bu layihəyə qoşulmasına və bu dəhlizlə daha çox yük daşınmasına nail olmaq qarşıda duran əsas vəzifələrdəndir.
Onun sözlərinə görə, bununla bağlı konkret yol xəritəsi də var və bu layihə artıq Qazaxıstanla da razılaşdırılıb. Bu, beşillik plandır, 2027-ci ilə qədər Gürcüstan, Azərbaycan və Qazaxıstanın öz növbəsində nə etməli olduğunu dəqiq bilirik.
“İndi biz Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi istiqamətində mühüm investisiyalar qoyuruq. Bu, çox yaxında başa çatacaq və dəmir yollarımızın ötürmə qabiliyyətini iki dəfə artıracaq”, – deyə İ.Qaribaşvili vurğulayıb.
Baş nazir dərin özüllü Anakliya limanı barədə də məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti Anakliya limanını tikməyə hazırdır və inşaat işlərinə oktyabrda başlanılacaq. Anakliya limanının səhmlərinin 51 faizi Gürcüstan hökumətinə məxsus olacaq. Qalan 49 faizlə bağlı hökumət müxtəlif şirkət və korporasiyalarla mühüm danışıqlar aparmağa hazırdır.