Azərbaycan iqtisadiyyatında yeni mərhələ: Regional inkişaf

A- A A+

Müasir dünya nizamında hər bir dövlətin qüdrəti onun iqtisadi gücü ilə ölçülür. Sağlam təməllər üzərində qurulan iqtisadiyyat həmin dövlətin yüz illərlə varlığının qarantıdır. Artıq elə bir zamanda yaşayırıq ki, dövlətlər gücünü ordusu ilə deyil, iqtisadiyyatı ilə nümayiş etdirir. Biz dünyanın ən inkişaf etmiş ölkələrinə baxsaq, onların heç də güclü ordusu, silah arsenalı yoxdur. Məsələn, İsveç, Kanada, Norveç kimi dövlətlər düşünən beyinləri, müasir texnologiyaları və güclü iqtisadi islahatları ilə seçilir. Bu dövlətlər dünya iqtisadiyyatının mərkəzində dayanır.

Ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri bu dediklərimizi bir daha təsdiq edir. Əslində, ulu öndərin bu fikri Azərbaycanın gələcəyinin konseptual əsaslarını təşkil edir. Yəni Azərbaycan artıq bu yolda uğurla addımlayır. Vətən müharibəsindəki tarixi qələbəmizi də güclü iqtisadiyyatımıza borcluyuq. Azərbaycan bütün nailiyyətlərinə, beynəlxalq kürsülərdə qazandığı uğurlara güclü iqtisadiyyatı və tutarlı diplomatiyası ilə nail olub. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Təkcə bu fakt ölkəmizin inkişaf etmiş ölkələr sırasında dayanması deməkdir.

Yeni regional inkişaf siyasəti

Regionların iqtisadi inkişaf planlarının hazırlanması çox ciddi təcrübəyə və müasir metodlara söykənir. Burada dünya təcrübəsinə əsaslanan iki əsas məqam ortaya çıxır:

  • Mərkəzləşdirilmiş idarəetmə yanaşması
  • Əks-mərkəzləşdirilmiş idarəetmə yanaşması

Birinci yanaşmada idarəetmə strukturu əsasən köhnə qaydada aparılır. İkinci yanaşmada isə regionların inkişaf siyasəti dövlətin mərkəzi qurumu tərəfindən formalaşdırılsa da, ayrı-ayrı regionlar üzrə əsas istiqamətlər regionların özündə fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Son dövrlərdə Azərbaycanda Prezidentin yerlərdə xüsusi və səlahiyyətli nümayəndəlikləri də regionların inkişafı baxımından yeni və müasir bir yanaşmanın təzahürləridir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması da müasir idarəetmə metodlarının muxtar respublikaya tətbiqindən irəli gəlir. Bu idarəetmə isə imkan verir ki, Naxçıvanda sosial-ictimai vəziyyət yaxşılaşsın, vətəndaşların bütün problemləri həll olunsun, iqtisadiyyat güclənsin. Naxçıvan indi artıq islahatların mərkəzinə çevrilib. Sadəcə vətəndaşlar olaraq biz dövlətin apardığı islahatları səbirlə izləsək, bu yolda dəstəyimizi göstərsək, yaxşı nəticələr əldə etmiş olarıq. Artıq bu yolda dövlət ilkin addımlarını atıb. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda müəyyən olunan 11 prioritet məsələ Naxçıvanın iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu proqram ayrı-ayrılıqda aşağıdakı istiqamətlər üzrə təkmilləşdirmə siyasətinə dəstək olacaq.

  • Dayanıqlı inkişafın təmin olunması
  • Məşğulluq imkanlarının artırılması
  • Əhalinin həyat səviyyəsinin yüksəldilməsi
  • Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
  • Ətraf mühitin mühafizəsinin təmin olunması

Yuxarıda sadaladığımız beş kateqoriya regional inkişafın ən önəmli və vacib halqalarıdır. Bu halqalar zəncir kimi bir-birinə bağlıdır. Bu hədəf göstəricilərindən biri digərindən aşağı səviyyədə qalsa, regional inkişafa nail olmaq çətin olar. Bunun üçün dövlət maraqlıdır ki, inkişaf bütün sahələrdə paralel getsin. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət Proqramında nəzərdə tutulan bir neçə məsələnin həlli üçün müəyyən işlərə başlanılıb. Regional inkişafı təmin edən ən vacib məsələlərdən biri məşğulluq imkanlarının artırılmasıdır. Məşğulluq olan yerdə əhali sayı da çox olacaq, dayanıqlı inkişaf təmin olunacaq və sosial durum yaxşılaşacaq. Hazırkı vəziyyətdə Naxçıvanda məşğulluq imkanlarını genişləndirmək üçün yeni zavodların, fabriklərin, iri müəssisələrin tikilməsinə ehtiyac var. Dövlət Proqramında bunların hamısı nəzərdə tutulur. Hətta Naxçıvanda azad iqtisadi zonanın yaradılması, xüsusi gömrük rejiminin həyata keçirilməsi də planlaşdırılır. Zəngəzur dəhlizinin açılması ərəfəsində bütün bunlar imkan verəcək ki, Naxçıvan ölkə üçün əsas iqtisadi mərkəzlərdən olsun.

Bu ilin sonlarına qədər artıq bir neçə layihə üzərində konkret addımlar atılacaq. Ordubad konserv zavodunun yenidən fəaliyyətə başlaması planlaşdırılır. Əgər biz Ordubadın meyvəçilik potensialını nəzərə alsaq, görərik ki, burda konserv zavodunun yenidən işə başlaması vacib məsələlərdəndir.

Bir xatırlatma...

Ötən gün taksi ilə Ordubada gedirdim. Taksi sürücüsü ilə yolboyu söhbətləşdik. Ortayaşlı sürücü özünəməxsus ordubadlı ləhcəsi ilə deyir ki, iş imkanları yox idi deyə bizim rayondan bir neçə ailə çıxdı getdi Bakıya, Moskvaya... "Bəs indi siz nə istəyirsiniz?",-deyə taksi sürücüsünə sual verdim.

  • Ordubadda əvvəllər zavodlar var idi... Onlar iş imkanları yaratmışdı. Bir neçə zavod, fabrik fəaliyyət göstərirdi... Artıq bu islahatlardan sonra inanırıq ki, hər şey yaxşı olacaq. İstəyimiz yeni iş yerlərinin açılmasıdır.

Gəldiyim nəticə budur ki, deməli, Naxçıvanda zavod və fabriklərin çoxalmasını yerli sakinlər daha çox istəyir. Belə olan halda Naxçıvanı işsizlik ucbatından tərk edənlər də geri qayıdacaq, yeni ixtisaslı kadrlar formalaşacaq. Ona görə də Dövlət Proqramından irəli gələn məsələlərdən ən önəmlisi Naxçıvanda məşğulluq imkanlarının artırılmasıdır.

Ordubad konserv zavodundan başqa Naxçıvanda və Şərurda müasir tekstil fabrikləri fəaliyyətə başlayacaq. Ümumilikdə, 4 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yaxın aylarda artıq tikinti sektorunda işlərə də başlanılacaq. Duz İstehsalı Müəssisəsi, Yağ İstehsalı Müəssisəsi, Kəngərli rayonunda fəaliyyətə başlayacaq günəş panellərinin istehsalı müəssisəsi həm yeni iş yerlərinin açılmasına səbəb olacaq, həm də ixtisaslı kadrların yetişməsinə şərait yaradacaq. Hətta Şərur və Sədərək rayonlarında yeni sənaye parkları da yaradılacaq.

Biz inanırıq ki, Naxçıvanda məşğulluq imkanları yüz faiz səviyyəsində yaxşılaşacaqdır. Dövlətin bu sahədə apardığı islahatları və planları dərindən araşdırsaq, görərik ki, Azərbaycan artıq bütün gücünü iqtisadiyyatı ilə ortaya qoymaq istəyir. Bu gücün təməlində isə regionlarda iqtisadiyyatı gücləndirmək dayanır. Yeni hədəflərə doğru...

Mətin Kamal

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: