Bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunan Mikro, Kiçik və Orta Müəssisələr Günüdür.
NUHÇIXAN xəbər verir ki, 2017-ci ildən başlayaraq, BMT Baş Assambleyasının qərarı ilə 27 İyun - Mikro, Kiçik və Orta Müəssisələr (Mikro, Kiçik və Orta Sahibkarlıq Günü) kimi qeyd edilir.
Adətən 250 nəfərədək işçinin çalışdığı bu müəssisələr əksər ölkələrdə iqtisadiyyatın onurğa sütunu sayılır və inkişaf etməkdə olan ölkələrdə əsas rol oynayır. Çünki onlar ilk növbədə ən həssas qruplar üçün iş yerləri yaradır və çox vaxt kənd yerlərində yeganə gəlir mənbəyidir. Ona görə də bu müəssisələr yoxsulluğa qarşı mübarizədə və iqtisadi inkişafda həlledici rola malikdir.
Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Belə ki, mikro, kiçik və orta sahibkarlıq sahəsində idarəçiliyin müasir tələblərə uyğunlaşdırılması, KOB-ların inkişafının dəstəklənməsi və ölkə iqtisadiyyatında rolunun artırılması Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətləridir. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış KOBİA artıq 6 ildir ki, bu istiqamətdə fəaliyyətini davam etdirir. Agentlik biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində aktiv iştirak edir, yeni KOB subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, KOB-ların bazarlara, bilik və innovasiyalara, maliyyə resurlarına çıxışına dəstək göstərir.
Prezident İlham Əliyev bu il yanvarın 6-da “Bakı KOB evi”nin açılışında iştirak edib. Sayca 3-cü olan Bakı “KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmət göstərilir. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edirlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim olunur.
Qeyd edək ki, “KOB ev”ləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç “KOB evi” fəaliyyət göstərir.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2018-ci il 26 iyun tarixli Fərmanının 9.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid “G2B” (dövlət–biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi və hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” üzrə xidmətlərin “KOB ev”ləri vasitəsilə həyata keçirilməsi müəyyən olunub.
Qeyd edək ki, bu il İqtisadiyyat və Energetika nazirliklərinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin siyahısı da genişlənib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında müvafiq Fərmanda öz əksini tapıb.
Əvvəlki illərdə olduğu kimi, bu ildə də Agentlik KOB-lara yerində dəstək və xidmətlərin göstərilməsi məqsədilə ölkənin müxtəlif şəhər və rayonlarında KOB dostlarının sayını artırıb. Agentlik tərəfindən KOB inkişaf mərkəzləri və video təlim platforması vasitəsilə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının, məlumatlığının artırılması, Azərbaycan sahibkarlarının və menecerlərinin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi üçün Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində təlim səfərləri davam etdirilib. Yevlax və Xaçmaz “KOB ev”lərində yeni xidmətlər istifadəyə verilib. “Startap” şəhadətnaməsinin verilməsi, daxili bazar araşdırması mexanizmi çərçivəsində dəstək, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi davam etdirilib. Yerli KOB-ların beynəlxalq əlaqələrinin genişləndirilməsi, KOB-lara dəstək və xidmət sahəsində xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə xarici tərəfdaşlarla bir sıra sənədlər imzalanıb. Həmçinin Agentlik KOB-larla iş sahəsində ixtisaslaşmış müxtəlif təşkilatlara üzv qəbul edilib.
Onu da vurğulayaq ki, 2022-ci ildə KOBİA tərəfindən təmin edilən bir sıra yeni dəstək və xidmətlər sahibkarların istifadəsinə verilib. Belə ki, KOB-ların satış bazarlarına çıxışına, məhsul və xidmətlərinin tanıdılmasına kömək məqsədilə sərgilərdə iştiraka dəstək alətlərinin davamı olaraq mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstəyin göstərilməsinə başlanılıb.
Azərbaycan hökuməti tərəfindən Qarabağın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Bu sahədə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq KOBİA da işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması prosesində yaxından iştirak edir. 2022-ci ildə və 2023-cü ilin ilk yarısında da bu sahədə bir sıra tədbirlər və layihələr reallaşdırılıb.