Nyu-Yorkda keçirilən Beynəlxalq KOB Forumunda KOBİA-nın İdarə Heyəti sədrinin videomüraciəti dinlənilib
BMT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) birgə təşkilatçılığı ilə Nyu-Yorkda 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbir keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) NUHÇIXAN-a bildirilib ki, KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib. Həmçinin KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti yayımlanıb. Videomüraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə Agentliyin fəaliyyəti, ICSB-yə üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatla əməkdaşlığı barədə məlumat verib. Agentliyin sədri həmçinin Bakının bu ilin noyabrında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini bildirib. ICSB ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edilib.