İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, iclasda İşçi Qrupun sədri Alparslan Acarsoy tədbirin Azərbaycanın ÜTT-yə üzvlük prosesinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib.
Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin müvafiq bəndləri üzrə rəylərini bildirib, onların bu barədə sualları cavablandırılıb.