Naxçıvanda güzəştli kreditlərin verilməsinə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün "Naxçıvanda biznesin inkişafı üçün yeni fürsətlər" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və "Bank Respublika"nın təşkilatçılığı ilə keçirilən konfransa Naxçıvan rəsmiləri, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlar daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev iştirakçılara Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib. Bildirib ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına mühüm zəmin yaradacaq. Naxçıvanda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərinə və yeni yaradılacaq bizneslərə çox böyük güzəştlər veriləcək. Vurğulanıb ki, ölkədə fəaliyyət göstərən bankların Naxçıvanda filiallarının açılması ilə sahibkarların bank xidmətlərinə çıxışı daha da asanlaşacaq. Sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcək.
Sahibkarlığın İnkişafı Fondu idarə heyətinin sədri Osman Xaliyev Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıb.
"Bank Respublika"nın idarə heyətinin sədri Tariyel İsmayılov bildirib ki, Bank Respublika Naxçıvanda real sektorun maliyyələşdirilməsində iştirak edən ən aktiv banklardan biridir və artıq Naxçıvanda güzəştli kreditlərin verilməsi prosesinə başlayıb.
Digər çıxış edənlər slaydlar vasitəsilə sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Sonda kreditin əldə edilməsi ilə bağlı sahibkarları maraqlandıran məsələlər müzakirə edilib, onların mövcud mexanizmlə bağlı təklifləri öyrənilib.
Mahmud Hüseynov