BMT-nin yeni hesabatına görə, 2022-ci ildə qlobal dövlət borcunun məbləği 92 trilyon dollara yüksəlib.
NUHÇIXAN BMT-nin ticarət və inkişaf üzrə Konfransında açıqlanan hesabata istinadla xəbər verir ki, son illərdə baş verən böhranlar bu tendensiyanın kəskin şəkildə artmasına səbəb olub. Belə ki, qlobal dövlət borcu 2000-ci ildən bəri beş dəfədən çox artıb, eyni zamanda üç dəfə artan qlobal daxili məhsulun həcmini üstələyib.
Hesabata görə, ötən il yüksək səviyyəli borcla üzləşən ölkələrin sayı 59-a çatıb. 2011-ci ildə bu rəqəm cəmi 22 olub. Hesabat müəllifləri bildiriblər ki, bu ölkələr borclarını ödəmək və ya xalqına xidmət etmək kimi qeyri-mümkün seçim qarşısında qalıb. Sənəddə beynəlxalq maliyyə arxitekturasındakı bərabərsizliklərə diqqət çəkilərək, inkişaf etməkdə olan ölkələrin xarici valyutada borclanmaya görə kənar şoklara daha çox məruz qaldığı bildirilib.
Hesabatda deyilir ki, qlobal dövlət borcunun təxminən 30 faizi inkişaf etməkdə olan ölkələrin, 70 faizi isə Çin, Hindistan və Braziliyanın payına düşür.
BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda - BMT-nin mənzil-qərargahında jurnalistlərə deyib: “Dünyamızın yarısı sarsıdıcı borc böhranı ilə nəticələnən inkişaf fəlakəti içərisində. Təxminən 3,3 milyard insan - bəşəriyyətin demək olar ki, yarısı maliyyə vəsaitlərinin təhsil və səhiyyədən daha çox borc faizlərinin ödənilməsinə xərclənən ölkələrdə yaşayır". O əlavə edib ki, Afrika ölkələri borc almaq üçün ABŞ-dən dörd dəfə, Avropanın ən zəngin iqtisadiyyatlarından isə 8 dəfə çox pul ödəyir. Baş katib onu da bildirib ki, "köhnəlmiş" qlobal maliyyə sistemi həmin dövrün müstəmləkəçilik dinamikasını əks etdirir və öz funksiyasını yerinə yetirə bilmir. O, G20-nin maliyyə nazirlərinin iyulun 14-18-də keçiriləcək sammiti ərəfəsində bu sahədə islahatlara çağırıb.