Milli Məclisdə ödəniş xidmətləri və sistemləri ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Milli Məclis ödəniş xidmətləri və sistemləri ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi parlamentin iyulun 14-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi 9 fəsil, 68 maddədən ibarətdir.
Sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyəti Azərbaycan Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, həmçinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” qanunlar, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla, Mərkəzi Bankın müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlarla tənzimlənir.
Ələt Azad İqtisadi Zonasında isə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Sənədə əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna autentifikasiya, avtorizə etmə, birbaşa debitləşmə, bloklaşdırma, davamlı daşıyıcı, dövri ödəniş, ekvayrinq, elektron pul, elektron pulun emissiyası, elektron pulun emitenti, elektron pul sahibi və təşkilatı, klirinq, məcmu kapital, hesablaşma agenti, gücləndirilmiş müştəri autentifikasiyası, vətəndaş qüsursuzluğu və digər anlayışlar daxil edilib.
Sənəd ölkədə ödəniş sistemləri, ödəniş xidmətləri, ödəniş təşkilatları, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin qanunla tənzimlənməsinə imkan verəcək.
Qanun layihəsinə görə, ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
Hüquqi şəxslərə və fərdi sahibkarlara ödəniş hesabı yalnız banklarda, bank olmayan kredit təşkilatlarında (əldə edilmiş kreditlə bağlı), poçt rabitəsinin milli operatorunda və elektron pul təşkilatlarında açıla bilər.
Hüquqi şəxslər və fərdi sahibkarlar ödəniş təşkilatlarının xidmətlərindən hesab açmadan istifadə edə bilərlər.
Həmçinin sənədə əsasən ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etməlidir.
Bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.
Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu qanun qüvvəyə mindiyi tarixdən etibarən altı ay müddətində lisenziya almalı və reyestrə daxil olunmalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.