“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib - FOTOLAR

A- A A+

“Azərpoçt” MMC növbəti yeniliyi marka buraxılışında həyata keçirib. Belə ki, 2023-cü ildən ənənəvi marka ilə yanaşı, “QR-kod”lu markaların da buraxılışına başlanılıb.

MMC-dən NUHÇIXAN-a verilən məlumata görə, tətbiq imkan verir ki, haqqında daha geniş məlumat verilməsi istənilən mövzuya aid hansısa elektron mənbəyə “QR-kod” vasitəsilə keçid verilsin, bununla da informasiya axını daha geniş şəkildə təmin olunsun.

Azərbaycanda ilk dəfə olaraq bu təcrübə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev 100 il” poçt markasının buraxılışı zamanı tətbiq olunub. Ulu Öndər haqqında məlumatın geniş yayılması məqsədilə həmin markaya yerləşdirilmiş “QR-kod”a www.president.az saytında Heydər Əliyev haqqında ingilis dilində olan məlumata keçid verilib. Qeyd edək ki, “Heydər Əliyev 100 il” markası 300.000 tirajla Almaniyanın Federal Nəşriyyatı (Bundesdruckerei) tərəfindən dərc olunub.

Növbəti olaraq 2023-cü ildə buraxılmış “Avropa buraxılışı” və “Vinsent Van Qoq” adlı poçt markalarının üzərində tətbiq edilib. Sözügedən buraxılışlarda yerləşdirilmiş “QR-kod”lar istifadəçini Azərbaycan markalarına həsr olunmuş https://stamps.azerpost.az/az saytına yönəldir.

Poçt markasının kiçik olmasına baxmayaraq, onun əslində mühüm informasiya daşıyıcısı olduğunu nəzərə alaraq, “Azərpoçt” növbəti marka buraxılışlarında da bu yeniliyi tətbiq etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, son illər ərzində Azərbaycan poçt markalarına olan maraq artmaqdadır. Bu ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycan markaları dünya filatelistləri arasında məşhur marka satışı platforması olan WOPA+ üzərindən beynəlxalq filatelistlərə satılmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: