Azərbaycanda vatsap tətbiqinin işində problem qismən aradan qalxıb.
NUHÇIXAN xəbər verir ki, tətbiqin işindəki nöqsanlar qismən azalıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində də problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Qeyd edilirdi ki, artıq bir neçə dəqiqədir, tətbiqin fəaliyyətində problemlər müşahidə edilir.
Öz növbəsində dünyanın məşhur sosial şəbəkələrini, messencer tətbiqlərinin fəaliyyətini izləyən “Downdetector” xidməti də vatsap messencer tətbiqinin fəaliyyətində problemlərin yarandığını bildirib.
ABŞ, Rumıniya, Qətər, Meksika, Kanada, Belçika, Salvador, İsveçrə, İtaliya, İsveç və digər ölkələrdən olan istifadəçilər messencer tətbiqinin fəaliyyətindən şikayət ediblər.
Qeyd edək ki, vatsap messencer tətbiqi 2009-cu ildə ABŞ-də yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı “Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.