Cari ilin iyununda Azərbaycanda mobil və genişzolaqlı internet üzərindən yükləmənin orta göstəriciləri müvafiq olaraq 40,39 və 29,47 (1,13 faiz artım) Mbit/san olub.
NUHÇIXAN “Ookla”nın məlumatlarına istinadla xəbər verir ki, Azərbaycan genişzolaqlı şəbəkədə verilənlərin ötürülmə sürətinə görə 180 ölkə arasında 116-cı yerdə olmaqla mövqeyini qoruyub saxlayıb.
İyunda mobil şəbəkə üzərindən məlumatların yüklənmə göstəricisi əvvəlki ayla müqayisədə 0,58 Mbit/san azalıb. Mobil şəbəkə üzərindən internetin çıxış sürəti 11,25 Mbit/san olub ki, bu da may ayının göstəricisindən (11,58 Mbit/san) 2,85 faiz aşağıdır. Sabit genişzolaqlı internet üzərindən verilənlərin yüklənmə sürəti may ayının göstəricisi ilə müqayisədə 0,33 Mbit/san artıb, çıxış sürəti isə 0,03 Mbit/san azalaraq 29,73 Mbit/san olub.
Qeyd edək ki, dünyada qeyd olunan dövrdə mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin orta sürəti müvafiq olaraq 42,92 və 10,21 Mbit/san olub.
Məlumata əsasən, dünyada ən sürətli mobil internet 200,24 Mbit/san olmaqla Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ən zəif internet isə 2,38 Mbit/san olmaqla Sudanda qeydə alınıb.