Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna alternativ deyil.
NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyənin Dövlət dəmir yollarının (TCDD) baş direktoru Ufuk Yalçın İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsindəki açıqlamasında bildirib.
O qeyd edib ki, Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı hazırda strategiyası yoxdur: “Hazırda Zəngəzur dəhlizi ilə bağlı bəzi məqamlar var. Lakin bəzi məqamlar həllini tapandan sonra biz bu dəhliz vasitəsilə Azərbaycana birbaşa çıxış əldə edəcəyik”.
U.Yalçın bildirib ki, BTQ dəmir yolu tam yenilənir: “Dəmir yolu xəttinin hazırda bağlı olmasına səbəb də bu yenilənmə ilə əlaqədardır. Düşünürəm ki, BTQ iki aydan gec olmayaraq yenidən istismara verildikdən sonra gün ərzində iki qatar göndərə biləcəyik”.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin icrasını qısa müddətdə başa çatdırmaq üçün yeni podratçılar cəlb edilib.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.