Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir və bu siyasət regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, ölkədə və regionda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması dövlət başçısının həyata keçirdiyi enerji siyasətinin səmərəli nəticələridir.
“Enerji siyasətindən danışırıqsa, Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialında səmərəli istifadə və muxtar respublikanın "yaşıl enerji" zonasına çevrilməsi sahəsindən nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisinin Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir”, - F. Nəcəfli deyib.
O qeyd edib ki, Naxçıvanda "yaşıl enerji" konsepsiyasının həyata keçirilməsi və enerji potensialından səmərəli istifadə Prezident İlham Əliyevin diqqət mərkəzindədir və bu məqsədlə sistemli işlər aparılır:
“Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı” mövzusunda xüsusi sessiyasının bu il iyunun 3-də Naxçıvan şəhərində keçirilməsi, bu zaman Energetika Nazirliyi və Fransanın “TotalEnergies” şirkəti arasında Anlaşma Memorandumunun, Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması, həmçinin muxtar respublikada günəş elektrik stansiyalarının tikilməsi üçün müvafiq ərazilərin müəyyənləşdirilməsi bu sahədə atılan mühüm addımlardır”.