"Naxçıvanbank" özünüməşğulluq layihəsi çərçivəsində növbəti 4 vətəndaşa dəstək olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanbank özünüməşğulluq layihəsi çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, qazilərə dəstək olmaq məqsədilə onların əvəzsiz olaraq vəsaitlər və avadanlıqlar ilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Bank şəxsi biznes arzusunda olan Şərur rayon Çərçiboğan kənd sakini Abbasov Asim Rasim oğlunu "Kiçik dülgər sexi" fəaliyyəti üçün usta avadanlıqları, Naxçıvan şəhər sakini Babayev Sərxan İbrahim oğlunu "Kiçik foto atelye" avadanlıqları, Şahbuz rayon Keçili kənd sakini Məmmədov Barat Famil oğlunu "Kiçik dəmirçi sexi" fəaliyyəti üçün usta avadanlıqları, Naxçıvan şəhər sakini Babayeva Rəna Fərəməz qızını isə "Kiçik dərzi sexi" avadanlıqları ilə təmin etmişdir.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan Memoranduma əsasən Naxçıvanbank tərəfindən həyata keçirilir.