"Naxçıvandan başlayan yol" mövzusunda konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib. Konfrans Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə baş tutub.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Muzeyinə gələn qonaqlar ümummilli liderin həyat və fəaliyyətinə aid eksponatlarla tanış olublar.
“Naxçıvansaray”da öz işinə başlayan konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bu il ölkəmizdə xüsusi əlamətdar günlər yaşadığımızı bildirib. Vurğulayıb ki, 2023-cü ildə “Heydər Əliyev İli”ni və ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin ölkəmizdə prezident seçilməsinin 20 illiyini böyük uğurlarla qeyd edirik. Bu il Naxçıvanda səlahiyyətli nümayəndəlik institutu yaradılıb. Bu il ərzində biz respublika və beynəlxalq əhəmiyyətli qonaqlar qarşılamışıq. Növbəti ildə isə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyini geniş beynəlxalq və ölkə miqyaslı tədbirlərlə qeyd edəcəyik.
Səlahiyyətli nümayəndə çıxışında qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda çox çətin bir dövrdə siyasi hakimiyyətə gəlib. Bu, elə bir dövr idi ki, ölkəmiz iqtisadi cəhətdən geridə qalmış və kadr potensialı Sovet hakimiyyətinin repressiya maşınının qurbanı olmuşdu. Ulu öndərimizin strateji uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa zamanda bütün sahələrdə davamlı inkişafa nail oldu.
Bu inkişafın mənəvi toxumları isə məhz ötən əsrin 30-cu illərində atılmışdı. Ulu öndərimiz həmin mənəvi dəyərlərimizi milli kadrlar formalaşdırmaqla, apardığı milliləşmə siyasəti nəticəsində yenidən dirçəltdi.
Ölkə prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın müstəqilliyinin təməli məhz ötən əsrin 90-cı illərində Naxçıvanda atılıb. Sonrakı dövrlərdə ümummilli liderimizin siyasi irsinə sadiqlik Azərbaycanı regionda və beynəlxalq miqyasda lider dövlətə çevirdi. Prezident İlham Əliyevin çoxvektorlu siyasəti nəticəsində bütün sahələrdə davamlı inkişafa, o cümlədən ölkə iqtisadiyyatında dəfələrlə artıma nail olundu.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, biz Vətən müharibəsində qazanılmış zəfərin fonunda yeni bir mühüm platforma yaratmışıq. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu elə bir layihədir ki, Naxçıvan regionda mühüm nəqliyyat və logistika mövqeyinə malik olacaq. Qardaş ölkələrimizin prezidentlərinin Naxçıvanda keçirdikləri görüşdə Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, Naxçıvan Türkiyə üçün də logistika mərkəzi olmaq öhdəliyini üzərinə götürə bilər.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” son dövrlərdə Azərbaycanda bəlli bir regionun inkişafını nəzərdə tutan və geniş təfsilatları ilə icra olunan ən böyük proqramdır. Proqram çərçivəsində bir çox sahələrin, o cümlədən enerji, kənd təsərrüfatı və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı istiqamətində mühüm layihələr reallaşdırılacaq. Naxçıvanda 12 sənaye zonası yaradılacaq. Muxtar respublikada vergi-gömrük məsələlərində xüsusi güzəştlər nəzərdə tutulan və maaşların bir qisminin subsidiyalaşdırılmasını özündə birləşdirən bir konsepsiya hazırlanır və 2024-cü ilin ilk hissəsində reallaşdırılması nəzərdə tutulur.
Fuad Nəcəfli sahibkarlığın inkişafı, investisiya qoyuluşlarının qarantiyaya alınması və sair kimi tədbirlərin Naxçıvanda özəl sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edib, keçirilən tədbirin bu baxımdan əhəmiyyət daşıdığını bildirib və konfransın işində uğurlar arzulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev müasir Azərbaycanın banisi Heydər Əliyevin şərəfli həyat yoluna toxunub. O, qeyd edib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev çıxış edərək muxtar respublikada müvafiq sahələr üzrə icra olunan və icrası nəzərdə tutulan layihələr barədə məlumat veriblər.
Bildirilib ki, cari ilin 9 ayı ərzində muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 100 milyon manatdan çox kreditlər verilib. Həmçinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından Naxçıvan Muxtar Respublikasının rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb. Hazırda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir. Cari ilin ötən dövründə yaradılmış əlverişli mühit sayəsində sığorta şirkətlərinin sayında da əhəmiyyətli artım olub və hazırda muxtar respublikada onların sayı 6-ya çatıb. Qarşıda duran hədəf kimi investorların Naxçıvana cəlb edilməsi ilə bağlı ardıcıl işlərin görüldüyü diqqətə çatdırılıb, Naxçıvanda orqanik qida məhsullarının becərilməsi üçün ekoloji tarazlığın qorunduğu bildirilib.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının bank və ödəniş infrastrukturunu əks etdirən videoçarx, Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Tədbir sahibkarlar üçün yaradılan müzakirə platforması ilə yekunlaşıb.