İranlı nazir: Araz çayı üzərində tikiləcək yeni körpü Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək

A- A A+

Araz çayı üzərində tikiləcək yeni körpü strateji xarakter daşıyır və Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

Nazir jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ağbənd körpüsü İran ilə Azərbaycanı yalnız avtomobil yolu ilə deyil, həmçinin dəmir yolu ilə birləşdirəcək. Dəmir yolu Ağbənddən İran ərazisinə keçərək Naxçıvanın Culfa şəhərinə kimi uzanacaq. Yolun tikintisi 1 il davam edəcək.

Nazir bildirib ki, Azərbaycan ilə razılaşmaya əsasən burada gömrük-keçid məntəqəsi və terminal da inşa ediləcək. Yeni körpü tranzit yükdaşımaların inkişafına da geniş imkanlar yaradacaq.

Qeyd edək ki, Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərində salınacaq dəmir yolu körpüsü Horadiz-Ağbənd dəmir yolunun davamıdır.

2021-ci ilin fevral ayında ölkə Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrdir. Tikinti işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: