İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub.
NUHÇIXAN xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Bununla yanaşı, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb. Bu vəsaitin keçmiş məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (467,1 min nəfərə) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 317,0 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon manat vəsait proqnozlaşdırılıb.