Gələn tədris ilində dərsliklərin alınmasına 21,5 milyon manat ayrılıb

A- A A+

Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2024/2025-ci tədris ilində 300-dən çox adda təqribən 7,8 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 21,5 milyon manat ayrılıb.

NUHÇIXAN xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Həmçinin xüsusi təhsilə cəlb olunan 13 285 nəfərin (2023-cü illə müqayisədə 469 nəfər çox) valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinətin ödənilməsi üçün 8 milyon manat ayrılması nəzərdə tutulub.

Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 18 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarındakı ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik xərcin, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 11,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılır.

Bundan başqa, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan 105 min nəfərdən çox uşağın sağlam qidalanmasının təmin edilməsi məqsədilə 2023-cü illə müqayisədə 2024-cü il üçün 5 milyon manat və ya 4,1 faiz artımla proqnozlaşdırılaraq 128,4 milyon manata çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: