Naxçıvan Muxtar Respublikasının dövlət qurumları infrastruktur layihələri ilə bağlı açıq tenderlər elan ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, yaxın günlərdə “Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsində VIMS texnologiyasının tətbiqi, yeni IP MPLS şəbəkəsinin qurulması və GPON texnologiyasının tətbiq edilməsi”, "Orqanik Naxçıvan" publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması”, Naxçıvan Muxtar Respublikasında Data Mərkəzin inşa edilməsi və müvafiq texniki infrastrukturun yaradılması”, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması”, “Meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi”, “Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi”, “Seminar, Treninq və Simulyasiya Mərkəzinin layihələndirilməsi”, “Dövlət əmlakının reyestr proqram təminatının yaradılması və inteqrasiyası” layihələri üzrə dövlət satınalmalarının vahid internet portalında satınalma elanları verilmişdir. Eyni zamanda bir sıra internet saytlarında da həmin layihələrlə bağlı müvafiq məlumatlar yerləşdirilmişdir. 

Satınalmalarda iştirak etmək istəyən investorlar https://etender.gov.az/ saytına daxil olub, satınalma şərtləri ilə tanış olaraq, müsabiqədə iştirak edə bilərlər.

Ümumilikdə isə 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının dövlət qurumları tərəfindən aqrar sektorun, təhsil, mədəniyyət, səhiyyə sahələrinin, müxtəlif rabitə və digər telekommunikasiya xidmətlərinin hərtərəfli inkişafı istiqamətində 32 sosial-infrastruktur layihəsi üzrə açıq tender elanı verilmişdir.

Qısa müddətdə artıq 80-ə yaxın şirkət tərəfindən həmin satınalmalarda iştirak etmək üçün təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edilmişdir.

Hazırda 15-ə yaxın layihə üzrə satınalma müsabiqəsi tamamlanmışdır. 

Müsabiqədə iştirak edən podratçılar arasında qiymətləndirilmə aparılır. Hətta qeyd edə bilərik ki, artıq bir neçə layihə üzrə qalib olan sahibkarlıq subyektləri ilə qanunvericiliyə uyğun şəkildə müqavilələr bağlanmış və bundan sonra tədbirlərin icrası üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə bağlı layihələndirmə və ya tikinti-quraşdırma işlərinə başlanılması planlaşdırılır.

Sözügedən bu layihələr canab Prezidentin Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının təmin edilməsi məqsədilə imzaladığı müvafiq Sərəncama əsasən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın və eləcə də həmin Dövlət Proqramının icrasının ən uğurlu şəkildə təmin edilməsi və yeni mərhələdə qarşıda duran vəzifələrin reallaşdırılması məqsədilə hazırlanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapmışdır. 

Qeyd edək ki, Tədbirlər Planı üzrə regionun tarixi-coğrafi və geosiyasi şəraiti, iqtisadi imkanları, eləcə də malik olduğu təbii resursları nəzərə alınmaqla həyata keçiriləcək layihələr Naxçıvan Muxtar Respublikasının hərtərəfli müasir inkişafına, vətəndaşların həyat səviyyəsinin, sosial vəziyyətinin yaxşılaşdırılmasına, əlverişli biznes mühitinin formalaşdırılmasına, innovativ inkişafa, muxtar respublikanın simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: