Naxçıvanda Mühasiblər Forumu keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda Mühasiblər Forumu keçirilib.

Forum iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonra forum çərçivəsində Bakıdan dəvət olunmuş qonaqların Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib.

Naxçıvan Biznes Mərkəzində baş tutan  forumun rəsmi hissəsinin açılışında əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Forumu açıq elan edən Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov qeyd etdi ki, Forumun məqsədi uçot və vergi siyasətinin rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılması sahəsində aparılan islahatların həyata keçirilməsinə dəstək göstərilməsi, mühasiblər arasında ünsiyyət və ruh yüksəkliyi yaratmaqla, onlarda öz peşələrinə maraq oyadılması, istirahətlə yanaşı, yeni biliklərin qazandırılmasından ibarətdir.

 Keçirilən forumun əhəmiyyətindən danışan nazir müavini mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması və vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq maarifləndirmə və məlumatlandırma işinin aparılması iqtisadiyyatda şəffaflığın təmin edilməsinə və könüllü vergiödəmə səviyyəsinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifələrinin müvəqqəti icraçısı Nihad Mehbalıyev və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Mirəli Kazımovun çıxışları dinlənilib.

Ümummilli lider Heydər Əliyevin maliyyə, uçot və vergi sisteminin yeni dövrün tələblərinə uyğun qurulmasındakı əvəzsiz xidmətlərindən danışan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova qeyd etdi ki, forumun keçirilməsindəki əsas məqsədlərdən biri də Ulu Öndərin ölkəmizin iqtisadi inkişaf strategiyası istiqamətində gördüyü əvəzolunmaz işlərinin nəticələrini təqdim etməkdir.

Çıxışlardan sonra Ulu Öndərə həsr olunmuş videoçarx izlənib.

Forum müddətində spikerin iştirakı ilə “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq, yeni tələblər” və “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” adlı 2 panel üzrə “Dövlət və özəl sektorda mühasib peşəsinə qoyulan tələblər, “Rəqəmsal dövrün mühasibat uçotuna təsiri və regionlarda uçotun inkişaf məsələləri”, “Rəqəmsal mühasibatlıqda ERP sistemlərinin əhəmiyyəti”, “Büdcə və büdcədən maliyyələşən təşkilatlarda ERP sistemlərinin tətbiqi, inkişafı və gələcək hədəflər”, “Sahibkarlıq subyektlərində uçot və biznes təhlükəsizliyi: məsuliyyətlər və vəzifələr”, “Vergi uçotu və inzibatçılığında yeni çağırışlar”, “Biznes subyektlərində yeni çağırışlar müstəvisində vergi işinin təşkili”, “Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər, onların vergi uçotu və hesablarına təsirləri” mövzularında çıxışlar dinlənilib.

Sonda panel müzakirələri aparılıb, forum iştirakçılarına sertifikatlar təqdim edilib.

Əlavə olaraq qeyd edək ki, forum çərçivəsində 2 dekabr tarixində “Qala gecəsi” keçiriləcək, təşkilatçılar, ekspertlər və fəxri qonaqlar üçün nəzərdə tutulmuş xatirə plaketlərinin təqdimatı olacaq. Həmçinin 3 dekabr 2023-cü il tarixində forumun təşkilatçıları və Bakıdan dəvət olunmuş qonaqlar üçün muxtar respublikanın gəzməli-görməli yerlərinə tur proqramı təşkil olunacaq.

Qeyd edək ki, forum iştirakçıları üçün muxtar respublika ilə tanışlıq turu təşkil edilib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: