“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də “Araz” Dövlət Qonaq Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan İqtisadi siyasət komitəsinin sədri İsa İsayevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.

İclasda İqtisadi siyasət komitəsindən başqa Ali Məclisin Hüquq siyasəti, Sosial siyasət və Humanitar siyasət komitələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Nazirlər Kabineti aparatlarının əməkdaşları, Nazirlər Kabinetinin üzvləri, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri və digər rəsmi şəxslər iştirak edib.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev iclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağını bildirib.

Qeyd olunub ki, hər il olduğu kimi növbəti ildə də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən 2024-cü il üçün muxtar respublika büdcəsinin gəlir və xərc maddələri üzrə strukturu proqnozlaşdırılıb və layihə şəklində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinə baxılması üçün təqdim edilib. Layihəyə görə 2024-cü ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 173 milyon 105 min manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2023-cü ildəki büdcə gəlirlərindən 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri isə 516 milyon 365 min manat məbləğində nəzərdə tutulub. Bu isə onu göstərir ki, ötən ilki büdcənin xərcləri ilə müqayisədə bu il muxtar respublika büdcəsi 88 milyon 648 min manat və ya 14,7 faiz az proqnozlaşdırılıb. Bunun da başlıca səbəbi xərclərin optimallaşdırılması və bir sıra dövlət orqanlarının saxlanma xərclərinin mərkəzə ötürülməsi olub. 2024-cü il üçün nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir hissəsi xərc hissəsindən 343 milyon 260 min manat az proqnozlaşdırılır ki, yaranacaq büdcə defisitinin ayrılacaq dotasiya hesabına aradan qaldırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası büdcəsi gəlirlərinin 2024-cü il və növbəti üç il ərzində artan templə proqnozlaşdırılması belə deməyə əsas verir ki, ölkəmizdə makroiqtisadi sahələr ildən-ilə davamlı inkişaf etməkdədir. Davamlı iqtisadi inkişafın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi dövlət proqramlarının icrası ölkədə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına təkan verib, sosial-iqtisadi sferada davamlı və dayanıqlı inkişafın təmin olunmasına şərait yaradıb. İnanırıq ki, Naxçıvan Muxtar Respublikasının təsdiq olunacaq büdcə layihəsi bundan sonra da ölkəmizin iqtisadi inkişafının tənzimlənməsində xüsusi əhəmiyyətə malik olacaq.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov məlumat verib ki, 2024-cü il büdcə layihəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur. Nəzərdə tutulan gəlirlərin 164 milyon 75 min manatı və ya 94,8 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür ki, bu, 2023-cü illə müqayisədə 17 milyon 193 min manat və ya 11,7 faiz çoxdur. Büdcə gəlirlərinin 5 milyon manatının və ya 2,9 faizinin gömrük orqanları tərəfindən təmin edilən daxilolmaların payına düşür ki, bu da 2023-cü illə müqayisədə 3 milyon 850 min manat və ya 4,3 dəfə çoxdur. Gəlirlər üzrə proqnozun 4 milyon 30 min manatının və ya 2,3 faizinin büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olması proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 160 min manat və ya 3,8 faiz azdır. 2024-cü il büdcə layihəsində muxtar respublikanın şəhər və rayonları üzrə gəlirləri 62 milyon 781 min manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 min manat, yerli xərclər 51 milyon 925 min manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 milyon 377 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 milyon 671 min manat məbləğində nəzərdə tutulub. Növbəti ildə Naxçıvan şəhəri, Babək, Şərur və Kəngərli rayonlarının büdcələri dotasiyasız olmaqla, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarının büdcələri isə muxtar respublikanın mərkəzi xərclərindən dotasiya ayrılmaqla planlaşdırılır.

Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsində xərclər 516 milyon 365 min manat məbləğində proqnozlaşdırılır ki, bu, 2023-cü ilin büdcə xərcləri ilə müqayisədə 88 milyon 648 min manat və ya 14,7 faiz azdır. Büdcə xərclərinin 458 milyon 692 min 950 manatı, yaxud 88,8 faizi cari xərclər üzrə, 57 milyon 672 min 50 manatı və ya 11,2 faizi isə əsaslı xərclər üzrə proqnozlaşdırılır. Təhsil və səhiyyə sahəsində dövlət proqramlarının maliyyə təminatının həyata keçirilməsi məqsədilə təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsilinin inkişafı tədbirləri və STEAM təlim-tədris mərkəzi üçün 1 milyon 161 min 237 manat, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya və səhiyyə sahəsindəki digər tədbirlər üçün 5 milyon 55 min 605 manat vəsait nəzərdə tutulur. Növbəti ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşu, investisiya xərcləri üçün 22 milyon manat məbləğində vəsait müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2024-cü il büdcə layihəsində 10 milyon 300 min manat məbləğində vəsait nəzərdə tutulur ki, bu, 2023-cü ilə nisbətən 49,8 faiz və ya 10 milyon 200 min manat azdır.

Sonra 2024-cü il büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb.

İqtisadi siyasət komitəsinin üzvü Vüqar Abbasov büdcə layihəsində ötən illə müqayisədə xərclərin artdığını, lakin daxilolmalarda ciddi dəyişikliyin olmadığını bildirib. Növbəti il üçün inflyasiyanın nəzərə alınmasını diqqətə çatdırıb. Büdcə gəlirlərinin artmasının birbaşa sahibkarlığın inkişafı ilə bağlı olduğunu, müvafiq konsepsiya hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini və sahibkarlığın inkişafı istiqamətində tədbirlər görülməsini, sahibkarlarla dövlət orqanları arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Bəzi sahələrdə xərclərin azaldığını deyib.

Maliyyə nazirinin müavini bildirib ki, Azərbaycan Respublikasında büdcə sisteminin təşkili, büdcənin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Büdcə layihəsində xərclərin və ya dotasiyanın azalması büdcə təşkilatlarının proqnozu əsasında real xərclər müəyyənləşdirilib. Bundan əlavə büdcə xərclərinin azalmasının bəzi dövlət qurumlarının mərkəzləşdirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Muxtar respublikada sahibkarlıq sahəsində əlverişli biznes mühiti və müasir vergi inzibatçılığı yaradıldığını deyən Naxçıvan Muxtar Respublikası Dövlət vergi xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, muxtar respublikada sərt inzibatçılıq tətbiq olunmur. Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi və bu istiqamətdə əlçatanlığın təmin olunması məqsədilə Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi yaradılıb. Şərur və Ordubad rayonlarında isə yeni mərkəzlər istifadəyə veriləcək. Abbas İsmayılov vergi daxilolmalarını ötən ilin müvafiq dövrü ilə müqayisə edib, Pos-terminalların sayında, yeni qeydiyyatdan keçmiş obyektlərin və vergi ödəyicilərin sayında artım olduğunu, yeni nəzarət-kassa aparatlarının quraşdırıldığını diqqətə çatdırıb. Sahibkarlar tərəfindən  muxtar respublikada investisiya qoyuluşuna maraq olduğunu, hazırda mövcud vəziyyətin öyrənildiyini, məqsədin vergitutma bazasını genişləndirməkdən ibarət olduğunu deyib. Naxçıvanda iri sahibkarlıq subyektləri tərəfindən vergi daxilolmaları yüksək olduğundan müvafiq risklərin də yarandığı qeyd edilib.

Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli büdcə layihəsində ayrılması nəzərdə tutulan vəsaitin suvarma suyu ilə təminata kifayət edib-etməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli büdcə layihəsinin Ali Məclis Aparatında da müzakirə olunduğunu deyib, büdcə gəlirlərinin mədaxil mənbələri üzrə dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin göstərilməməsi, büdcə xərclərinin istiqamətləri üzrə seçkilərin keçirilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı xərclərin göstərilməməsi, su təsərrüfatı üzrə xərclərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Ülvi Hüseynli, həmçinin büdcə zərfi çərçivəsində təqdim edilmiş sosial-iqtisadi inkişafın ortamüddətli (2024-2027-ci illər üzrə) prioritetləri ilə bağlı sənəddə olan çatışmazlıqlar haqqında məlumat verərək növbəti illərdə bu cür nöqsanların aradan qaldırılması yollarından danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, fiziki şəxslərin gəlir vergisi ötən illə eyni səviyyədə saxlanılıb. Bu isə qeyd olunan vergi daxilolmalarının artması, bu sahədə şəffaflığın təmin olunması, qeydə alınan vergi ödəyicilərinin sayının artması fikirləri ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların da ötən illə eyni səviyyədə saxlanılması sual doğurur. Çünki cari ildə qeyd olunan iqtisadi aktivliyin artması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin artması ardıcıl olaraq bu tədiyə növünün də artımına səbəb olmalı idi. Cəlil Rüstəmov büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının azalmasının səbəblərinin aydınlaşdırılmasını xahiş edib.

Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova elm xərclərinin ötən illə müqayisədə azaldığını, təsərrüfat hesablı və özəl müəssisələrdə çalışan əməkdaşların iş saatının düzgün tənzimlənmədiyini, qadınların hüquqlarının qorunması ilə bağlı əlavə tədbirlərin görülməli olduğunu bildirib, ünvanlı sosial yardım, həmçinin sosial müdafiə sahəsində nəzərdə tutulan xərclər barədə məlumat verilməsini istəyib.

İclasda Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli, komitənin üzvü  Ehtimad Məmmədov və Hüquq siyasəti komitəsinin üzvü Hüseyn Bağırsoylu çıxış edib, 2024-cü il büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası Dövlət vergi xidmətinin rəisi Abbas İsmayılov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Aləm Bağırov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.

Müzakirələrdən sonra büdcə layihəsinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü ilin payız sessiyasının növbəti iclasına təqdim olunması üçün qərar qəbul edilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsi 30 noyabr 2023-cü il tarixdə Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində dərc olunaraq ictimai müzakirəyə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: