2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34.346 şəxs qəbul edilib.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 46.836 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Yanvar-noyabr ayları ərzində vergi ödəyicilərinə 114.882 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 52 görüş keçirilib, 319 sayda ünvanlı xidmət göstərilib. İlin əvvəlindən 6.618 müraciət üzrə 11.821 Asan İmza sertifikatı verilib.
Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən dekabrın 1-dək ümumilikdə 12.047 şəxs qəbul edilib və onlara 17.497 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.