Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədi ilə Kəngərli rayonunun Xok kəndində istismarda olan Avtomat Telefon Stansiyasının internet tutumu artırılıb. Bunun nəticəsində 100-dən artıq müraciət edən abonentin tələbatının ödənilməsinə şərait yaradılıb. Bunlarla yanaşı, mövcud Avtomat Telefon Stansiyasının optik arabağlantılarla Mərkəzi Avtomat Telefon Stansiyasına qoşulması təmin olunub. Bu da abonentlərin keyfiyyətli rabitə və internet xidmətlərindən yararlanmalarına şərait yaradacaqdır.
Qeyd edək ki, bu ilin müvafiq dövründə xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində Avtomat Telefon Stansiyası NGN texnologiyası əsasında yenidən qurulub. Avtomat Telefon Stansiyasında aparılan yenilənmə işləri ilə əlaqədar olaraq Nazirlik tərəfindən internetdən istifadənin müddəti ödənişsiz olaraq 10 günədək uzadılıb.
Digər bölgələrdə də abonentləri yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.