Azərbaycan-Qırğızıstan İnkişaf Fondu gələn ildən Qırğızıstanda layihələri maliyyələşdirməyə başlayacaq.
NUHÇIXAN Qırğızıstanın “Kabar” milli informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev agentlikdə keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 2023-cü il ərzində layihələrin həyata keçirilməsi üçün vəsait Qırğızıstan Milli Bankının hesablarına köçürülüb.
Eyni zamanda, İqtisadiyyat Nazirliyinin rəhbəri qeyd edib ki, bu il inkişaf fondları vasitəsilə Qırğızıstana cəlb edilən investisiyaların həcmi 50 faiz artıb.
Xatırladaq ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. Bu fond Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın səmərəliliyi və genişləndirilməsi məqsədi ilə yaradılıb.
Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Maliyyələşdirmə tamamilə Azərbaycan tərəfindən həyata keçirilir.