Bakıda yeni Mərkəzi Planlaşdırma Rayonunun sərhədləri müəyyənləşib

A- A A+

Bakıda yeni Mərkəzi Planlaşdırma Rayonunun sərhədləri müəyyənləşib.

NUHÇIXAN-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Bakının təklif olunan Mərkəzi Planlaşdırma Rayonu paytaxtın bənzərsiz və unikal ərazisini əhatə edir. Bu ərazinin özünəməxsus planı və inkişaf prinsipi hər hansı milli planlaşdırma qanunu və qaydaları çərçivəsində tərəqqi etməmişdir. Şəhərin spesifik planlaşdırma yanaşması onun tarixi inkişafına uyğun formalaşmışdır. Paytaxt şəhərin özünəməxsusluğu və neft iqtisadiyyatının şəhər inkişafına təsiri nəticəsində 1920-ci illərdən etibarən Bakının şəhər inkişafı ilə bağlı tədbirlər konkret lokal məsələlərin, məsələn, əlaqələndirmə və nəqliyyat imkanlarının yaradılması, sənaye inkişafının səmərəliliyi ilə sakinlər üçün əlverişli yaşayış şəraitinin təmin edilməsi arasında tarazlığın qurulması kimi məsələlərin həllinə yönəldilmişdir.

Şəhərin mühüm əhəmiyyətə malik mərkəzi ərazilərini, yəni şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri müəyyən edilib. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə Mərkəzi Planlaşdırma Rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.

Bakının Mərkəzi Planlaşdırma Rayonu tarixi bina və abidələrlə müasir memarlığa malik tikililərin ahəngi ilə səciyyələnir. Mərkəzi Planlaşdırma Rayon daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) inkişafın şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rolu oynayır. Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılmasında məqsəd təklif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin edilməsidir. Bu ərazidə Bakının simasını və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr və tarixi binalar yerləşir.

Bakının Mərkəzi Planlaşdırma Rayonunun aşağıdakı zonalara bölünməsi təklif olunur:

1. YUNESKO-nun ümumdünya irs obyektləri siyahısına daxil olan “İçərişəhər” / Mühafizə zonası

Rəsmi olaraq mühafizə olunan bu ərazidə aparılan bütün tikinti işləri “Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmalıdır. Qala şəhərin ətrafındakı mühafizə zonası daxilində hər hansı binanın tikintisinə icazə verilməməlidir.

2. “İçərişəhər”in genişləndirilmiş mühafizə zonası

“İçərişəhər”in birbaşa qonşuluğunda olan bu həssas ərazidə aparılacaq gələcək inkişaf fəaliyyətlərinə səlahiyyətli qurumların (Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, DŞAK, Memarlar İttifaqı) nümayəndələrindən ibarət ekspert heyəti tərəfindən nəzarət edilməlidir. Bu ərazidə tikinti təsdiqləri qeyd edilən ekspert heyətinin razılığı ilə verilməlidir. Binanın tutumu, mərtəbəliliyi, habelə memarlıq layihəsinin keyfiyyəti əsas meyarlar kimi qəbul edilməlidir.

3. Tarixi şəhərin genişləndirilmiş mərkəzi

Bu ərazi üçün eynitipli memarlıq və ərazi təşkili səciyyəvidir. Ərazi əsasən yaşayış və inzibati binalar, ticarət obyektləri, mehmanxanalar və infrastruktur obyektlərinin cəmləşdiyi qarışıq istifadə olunan şəhər strukturuna sahibdir. Burada həyata keçiriləcək inkişaf fəaliyyətlərində şəhərsalma kontekstinə uyğun yenidən qurulmuş tarixi binalarla nöqtəvi şəkildə inşa olunan müasir binaların vəhdəti nəzərə alınacaq.

Bu ərazidə tətbiq olunacaq tikinti nəzarət qaydalarında aşağıdakılar nəzərə alınmalıdır:

• memarlıq ansamblının qorunması, mühafizəsi və saxlanması;

• yox olmaqda olan bina elementlərinin bərpası və konsolidasiyası;

• müasir memarlığın həssaslıqla inteqrə edilməsi.

Bunu nəzərə alaraq, zonalaşdırma planında idarəetmənin bütün ərazi üzrə sadə tikinti nəzarət rejiminin tətbiqi ilə aparılması üçün şəhər parametrləri müəyyən edilir ki, bu da icra üzrə bir çox məsələyə aydınlığın gətirilməsinə və icranın asanlaşdırılmasına imkan verir:

• tikinti sıxlığı əmsalı (TSƏ) – maks. 2,5;

• tikinti əmsalı (TƏ) – maks. 0,7;

• mərtəbəlilik – maks. 5 mərtəbə.

Yuxarıda göstərilən parametrlərə cavab verməyən mövcud binaların saxlanılmasına icazə veriləcək. Qeyd olunan binalar söküləcəyi halda həmin yerdə eyni parametrlərə sahib yeni binanın inşa olunmasına icazə verilməməlidir. Heç bir fərq qoyulmadan yeni binaların tikintisində yuxarıdakı parametrlərə riayət olunmalıdır.

Sosial-iqtisadi inkişaf planına və ümumi şəhər strukturuna əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində çoxfunksiyalı (qarışıq istifadə) zonalar bir neçə qrupa bölünmüşdür:

• Bakının Mərkəzi Planlaşdırma Rayonu: inzibati, ticarət və mədəniyyət müəssisələrinin cəmləşməsi ilə səciyyələnən, şəhərin tarixi və bugünkü mərkəzi;

• 28 May hibrid yaşıl dəhlizi: davamı olmayan dəmir yolu xətti boyu yaradıcı sənaye sahələrinin və müasir şəhər həyat tərzinin inkişafı üçün geniş imkanlar təmin edən yeni inkişaf əraziləri.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: