Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsində VIMS, GPON texnologiyalarının tətbiqi və yeni IP MPLS şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu məqsədlə ötən il noyabrın 17-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 18-də müsabiqə uğurla yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TMM TELEKOM” MMC ilə dekabrın 22-də satınalma müqaviləsi imzalanıb. Sözügedən texnologiyaların tətbiqi və şəbəkənin qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3 000.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.