Dünya Bankı iqtisadi artımın yavaş tempindən narahatdır

A- A A+

2024-cü il dünya iqtisadiyyatı üçün pis proqnozlarla başlayır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dünya Bankının son hesabatında bildirilir. Əlbəttə, ekspertlər hesab edir ki, dünya iqtisadiyyatı risk etdiyindən daha yaxşı vəziyyətdədir, əsasən Amerika iqtisadiyyatının möhkəmliyi sayəsində qlobal resessiyadan yaxa qurtarıb.

Dünya Bankı Qrupunun baş iqtisadçısı İndermit Qillin sözlərinə görə, qısamüddətli perspektivdə geosiyasi gərginliyin bərpası və ortamüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin gözləntisi təhlükə yaradır ki, 2020-ci illər fürsətlərin əldən verildiyi onillik olacaq.

Dünya artımının proqnozu bu il 2023-cü ildəki 2,6 faizə qarşı 2,4 faiz təşkil edir. “Bu, 2010-cu illərin orta göstəricisindən təxminən dörddə üç faiz bəndi aşağıdır”, - deyə Dünya Bankının hesabatında qeyd olunur.

Qlobal ticarət Dünya Bankında xüsusi narahatlıq yaradır. İqtisadi artımın bu hərəkətverici qüvvəsi ötən il ilə müqayisədə xeyli yaxşı olacaq, lakin proqnoza əsasən, son onilliyin pandemiyaya qədər olan dövrü üçün orta göstəricinin yalnız yarısını təşkil edəcək. Perspektivlər siyasi gərginlik, yüksək faiz dərəcələri ilə əlaqədar maliyyə stresi, inflyasiyanın qorunub saxlanması imkanları, Çində gözlənildiyindən daha zəif artım, ticarətin fraqmentləşdirilməsi, iqlim dəyişmələri ilə bağlı fəlakətlər kimi çoxsaylı risklərlə qan qaraldır.

Dünya Bankı inkişaf etmiş ölkələrdə ÜDM-in 1,2 faiz - kiçik artımını proqnozlaşdırırlar. Bu, ötən il ilə müqayisədə aşağı göstəricidir. Özəl və dövlət investisiyalarının artım tempinin azalmasının müşahidə olunduğu inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 4 faizdir.

Dünyada böyüklüyünə görə ikinci iqtisadiyyat olan Çində artım 2023-cü ildəki 5,2 faizdən bu il 4,5 faizədək, sonra 2025-ci ildə 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşərək 4,3 faizədək azalacaq. Çin daha ümumi planda dünya iqtisadiyyatını əks etdirir. Bu ölkə artım tempinin azalması yolundadır. Ehtimal ki, əhalinin yaşlanması və azalması, eləcə də borcun artması səbəbindən davam edəcək. Çində yayılan əmlak böhranı da bu ləngiməyə öz təzyiqini göstərir. Dünya Bankı bu vəziyyəti bədbin ssenaridə belə izah edir: “Əgər Çinin artımı 2024-cü ildə proqnozlaşdırdığımızdan bir faiz bəndi aşağı olarsa, - bu isə yuxarıda sadalanan risklər nəzərə alınarsa, mümkündür, - qlobal artım təxminən 0,2 faiz bəndi aşağı düşə bilər və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli şəkildə pis yan təsirlərə gətirib çıxarar”.

Nəhayət, hesabatda xammal ixrac edən ölkələrin (bu ölkələrin üçdə ikisi inkişaf etməkdə olan ölkələrdir) vəziyyətinə nəzər salınır. Onların gəlirlərinin böyük hissəsi qiymətlərin dəyişkənliyinə məruz qalan bu ixracdan daxil olur. Lakin qiymətlərin qeyri-sabitliyi bu iqtisadiyyatları bir-birini əvəz edən tərəqqi və tənəzzül dövrlərinə gətirib çıxarır. Bu ölkələrin hökumətləri xammalın qiymətləri artdıqda öz xərclərini artırır, sonra isə qiymətlər enəndə onlar daha az xərcləyir və bu da iqtisadi artımın ləngiməsi ilə nəticələnir.

Ətraflı artım proqnozu regionlar üzrə belədir: Şərqi Asiya və Sakit okean regionu – 2024-cü ildə 4,5 faiz və 2025-ci ildə 4,4 faiz; Avropa və Mərkəzi Asiya – 2024-cü ildə 2,4 faiz və 2025-ci ildə 2,7 faiz; Latın Amerikası və Karib hövzəsi – 2024-cü ildə 2,3 faiz və 2025-ci ildə 2,5 faiz; Yaxın Şərq və Şimali Afrika – 2024-cü və 2025-ci illərdə 3,5 faiz; Cənubi Asiya – 2024-cü ildə 5,6 faiz və 2025-ci ildə 5,9 faiz; Afrika qitəsində Böyük Səhradan cənubda yerləşən ölkələrdə - 2024-cü ildə 3,8 faiz və 2025-ci ildə 4,1 faiz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: