Ər-Riyad şəhərində keçirilmiş növbəti ixrac missiyasında 28 Azərbaycan şirkəti iştirak edib - FOTOLAR

A- A A+

Cari ilin dekabr ayında "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Ər-Riyad şəhərində keçirilmiş növbəti ixrac missiyasında şirniyyat, meyvə şirələri, quru meyvə, bal, mineral sular, turizm, tekstil istehsalı və tikinti materialları sahələrində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti iştirak edib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan şirkətlərinin təmsilçilərinin Səudiyyə Ərəbistanının ərzaq, içki və süd məhsulları istehsal edən və həmin məhsulların çatdırılması ilə məşğul olan, tikinti və turizm sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə görüşlərdə Azərbaycan Respublikasının məhsulları barədə məlumat verilib, sözügedən məhsulların çatdırılması və satışı imkanları müzakirə olunub.

Görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə ərzaq və kənd təsərrüfatı məhsullarına böyük maraq göstərilib. "Azgranata" şirkəti ilə SƏK-in “Al Rabie” şirkəti arasında əməkdaşlığa dair razılıq əldə olunub, “Astaraçay” şirkəti ilə SƏK-in “Garden Coffee” şirkəti arasında məhsul mübadiləsi və şokolad istehsal edən “Konfirm”, “Bolluq” və “Şirin” şirkətlərinin məhsullarının “Panda” marketlər şəbəkəsində satışı ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizin turist şirkətləri ilə SƏK-in turist şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Ər-Riyad Ticarət və Sənaye Palatasında səfir Şahin Abdullayev tərəfindən keçirilmiş digər görüşlərdə SƏK tərəfi gələcəkdə ixrac missiyalarının ildə bir neçə dəfə təşkil edilməsini, eləcə də əlaqələrin daha da genişləndirilməsi məqsədilə sözügedən missiyaların tərkibinə daxil edilən Azərbaycan şirkətlərinin Ər-Riyad Ticarət və Sənaye Palatasının müvafiq komitələrində (kənd təsərrüfatı, turizm, daşınmaz əmlak, sənaye və s.) görüşlərinin keçirilməsini təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: