“Şollerin arxivi” filminin layiq görüldüyü kubok Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edilib

A- A A+
Hindistanda keçirilən “Lake City International” film festivalında “Ən yaxşı film” kateqoriyasının qalibi olan “Şollerin arxivi” filminin layiq görüldüyü kubok Azərbaycanın Hindistandakı səfirliyi vasitəsilə ölkəmizin Xarici İşlər Nazirliyinə göndərilib. Kubok Xarici İşlər Nazirliyinin ictimai informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, rəis müavini Ceyhun Məmmədov tərəfindən təqdim edilib. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası istiqamətində çəkilib. Ekran işi azərbaycanlıların Avropa mədəniyyətinə sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Azərbaycanda istehsal olunan “Şollerin arxivi” bədii filminin beynəlxalq festivallardakı uğurları davam edir. Bu uğurlardan biri də ekran əsərinin Hindistanda keçirilən “Lake City International” film festivalında “Ən yaxşı film” kateqoriyasının qalibi olmasıdır. Birinci yerə layiq görülərək kubok ilə təltif edilən ekran əsəri Hindistanın film bazarına da çıxarılıb. NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar. Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: