Naxçıvan tar sənəti 100 il: “Ənənə və novatorluq”

A- A A+

Qədim tarixə malik olan Azərbaycan xalqı zəngin incəsənəti, yüksək musiqi mədəniyyəti ilə dünya xalqlarının diqqətini daim cəlb etmişdir. Xalqımıza məxsus olan muğamlar, mahnılar, musiqi alətləri, xanəndə və sazəndələr haqqında məlumatlar bizə musiqimizin kökünü yüz illərin deyil, min illərin arxasında axtarmağa imkan verir.

Tar Azərbaycanın və yaxın şərq ölkələri xalqlarının geniş istifadə etdiyi qədim musiqi alətlərindən biridir. Onun tarixini öyrənmək, tədqiq etmək üçün qədim mənbələrə, arxiv sənədlərinə, elmi-təqdiqat işlərinə müraciət etmək lazımdır. Tar alətinin tarixi X əsrdən başlayır, mənası tel deməkdir. İndi bütün telli musiqi alətlərində işlənən sim mənasına gəlir. Bu ecazkar alətdə ifa tarzənlərin mənsub olduğu dünyagörüşün, fəlsəfi təfəkkürün bariz göstərcisi olmaqla yanaşı, onların həyati gerçəkliklərə baxışını, bu gerçəklikləri özünəməxsus ifa tərzi ilə təqdim etmək qabiliyyətini əks etdirir. Hər hansı bir tarzən tərəfindən ifa olunan əsər eyni zamanda onun müəllifinin də mənsub olduğu xalqın əsrlərlə yaşatdığı maddi-mənəvi dəyərlərin bir çox meyarını izah edir.

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. İfaçılıqdan söz açılanda ilk olaraq Azəbaycan xalq musiqi alətlərinin şahı sayılan tar və onun ifaçılıq xususiyyətləri yada düşür. Əbəs deyil ki, tar musiqi alətlərinin şahı hesab olunur. Yarandığı gündən bu günə kimi daim aparıcı missiyanı daşıyan tar, keçib gəldiyi bütün enişli-yoxuşlu yollarda daim yenilənmiş və günümüzə tam professional bir alət kimi gəlib çıxmışdır.

Naxçıvanda tar alətindən istifadə qədim köklərə və ənənənlərə söykənir. Muxtar respublikada tar ifaçılıq sənətinin inkişafında xüsusi rolu olan tarzənlər olmuşdur. Onlardan Yusif Əliyevin, Kamil Abdullayevin, Vahid Axundovun, Səfər Rəcəblinin, Rəşid Məmmədovun, Ələkbər Ələkbərovun, Əkrəm Məmmədlinin, Aydın Məmmədlinin, Tağı Tağıyevin, Tariyel Abbasovun, Nazim Kazımovun, Nazim Quliyevin, Yusif Babayevin, Elman Əliyevin, Zeynalabdin Babayevin, İmamqulu Əhmədovun, Abdulla Abdullayevin, Etiqat Seyidovun, Cəmaləddin Hüseynovun, Nadir Məmmədovun, Əşrəf Abdullayevin, Zəfər Rəhimovun adını çəkmək olar. Naxçıvanda yaşayıb-yaradan bu sənətkarlar ömürlərini milli musiqimizdə tar zirvəsinin inkişafına, bu alətlə muğamlarımızın, musiqi xəzinəmizin zənginləşməsinə, ölkə və dünya səviyyəli musiqiçilər nəslinin yetişməsinə sərf etmişlər.

Naxçıvanın tar ifaçılığı sənətinin Səfər Rəcəbli zirvəsi

Bir çox Naxçıvan musiqiçiləri öz yaradıcılıq uğurlarını XX əsrin ortalarından fəaliyyət göstərən “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı və ilk müəllimləri Səfər Rəcəblinin adı ilə bağlayır. Eləcə də həmin dövrü iftixarla xatırlayırlar.

“Əlvan çiçəklər” ansamblının yüksək səviyyəyə çatmasında Pioner və Məktəblilər Evində fəaliyyət göstərən musiqi və rəqs dərnəklərinin rolu əhəmiyyətli dərəcədə olmuşdur. Tar dərnəyinə istedadlı musiqiçi, tarzən müəllim Səfər Rəcəbli rəhbərlik edirdi. Onun yetirdiyi musiqçilər müsabiqə yolu ilə “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının instrumental heyətinə qəbul edilirdilər. Müsabiqədən keçməyən musiqiçilər isə ansamblın xorunda oxumaq hüququ qazanırdılar. “Əlvan çiçəklər”dən başqa Pioner və Məktəblilər Evində Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı da fəaliyyət göstərirdi. Bu kollektivə Səfər Rəcəbli rəhbərlik edirdi. Həmin ansambl əsasən rəqsləri, xalq mahnı və musiqilərini ifa edirdi. Ansambl bir növü “Əlvan çiçəklər” üçün musiqiçilər hazırlayırdı. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yetişmiş bir çox musiqiçilərin ilk müəllimi olan, görkəmli tarzən – pedaqoq Səfər Rəcəblinin xidməti əvəzsizdir. Səfər Abdulla oğlu Rəcəbli 1915-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Hələ iki yaşında olarkən dünya balaca Səfər üçün zülmətə çevrildi. O, həyat işığından məhrum olmuşdu. Gözlərinin görməməsinə rəğmən tar sənətinə dərindən yiyələnən Səfər zaman keçdikcə tanınmış tar ustadına çevrilmişdir. Deyirlər gözlər qəlbin aynasıdır. Səfər üçün bu ayna tarın mizrabı, tarın incə teli idi.

Musiqi tarixinin arxiv səhifələrini vərəqlədikcə tarzən haqqında maraqlı hekayələrin şahidi olursan. Onun barəsində ən maraqlı faktlardan biri də İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Naxçıvana gəlin gəlmiş Erika Hanpel Emil qızı ilə olan xatirədən ibarətdir. Erika Çexoslovakiyadan Naxçıvanın ən dəyərli incəsənət xadimlərinin yetişdiyi gözəl bir məhəlləyə gəlin köçmüşdü. Bu məhəllə “Sarvanlar” məhəlləsi idi. Erika xanımın Naxçıvanımızla bağlı xatirələrini dinləyərkən mərhum tarzən Səfər Rəcəblinin ifasındakı tar səsi haqqındakı fikrlər diqqətimi cəlb etməyə bilməzdi. Erika xanım yazırdı: 1945-ci ildə Naxçıvana ilk gün gəlin köçdüyüm evin yaxınlığında bir həyətdən çox gözəl və sirli səsə malik olan musiqi səsləri eşitdim. Bu səs sanki dünyadakı bütün kilsələrin səsindən daha ecazkar idi. Bu səs insanı sanki rahatladır və ruhunu oxşayırdı. Bəlkə də elə məni ilk gün Naxçıvana bağlayan səbəblərdən birincisi yoldaşım Əhədin sevgisi olmuşdusa, ikincisi isə Səfər Rəcəblinin ifa etdiyi tarın sehirli səsi olmuşdu. Heç mübaliğəsiz deyilən bu fikirlər görkəmli tarzən Səfər Rəcəbli və onun sənətinin zirvəsi haqqında təkcə xatirə yox, musiqi şedevri idi.

Belə xatirələrdən biri də Naxçıvan Radio Verilişləri Komitəsində Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik edən xalq musiqisinin vurğunu tarzən Yusif Əliyevlə bağlıdır. O, Ansambla rəhbərlik etdiyi zaman Səfər Rəcəblini bu kollektivə dəvət edir. 18 yaşlı bu gənc ansamblda dəf çalmaqla yanaşı, tar çalmağı da öyrənir. Yusif Əliyev deyirdi: “Səfər Rəcəbli gənclik illərində artıq tanınmış, sayılıb-seçilən dəf ifaçısı idi. Onu Naxçıvan Radio Verilişləri Komitəsində təşkil olunan, rəhbərlik etdiyim xalq çalğı alətləri ansamblına dəvət etdim. Qaval çalmaqla yanaşı, tar çalmağı öyrənən və tezliklə gözəl, özünəməxsus ifaçılıqla tarı dilləndirən Səfər Rəcəbli musiqiçilərimiz üçün sənət fədaisi, sənət nümunəsi idi. Onun işgüzarlığı, musiqiyə vurğunluğu ansamblın digər üzvlərinə sirayət edirdi. Bu isə ansamblımızın az müddətdə sevilən kollektivlər sırasında tanınmasına, dinləyicilərin, tamaşaçıların alqışlarını qazanmasına öz təsirini göstərirdi”. Öz istedadı və səyi nəticəsinda az müddət ərzində Naxçıvanda məşhur tarzən kimi şöhrət tapan Səfər Rəcəblini o illərdə fəaliyyət göstərən tar dərnəyinə rəhbərlik etmək üçün Naxçıvan Pioner və Məktəblilər Evinə dəvət edirlər. O Azərbaycanın ən gözəl musiqi alətlərindən birini gənc nəslə sevdirmək sahəsində öz səyini əsirgəmirdi. Əlbəttə, Səfər müəllimin bu nəcib zəhməti hədər getməyib. Onun səyi nəticəsində Naxçıvanda bir çox istedadlı musiqiçilər, əsl mənada sənət vurğunları yetişərək ömürlərini musiqiyə bağlamışdılar. Elə Səfər sənətinin ən böyük mənası da məhz bundadır. Səfər Rəcəblinin şagirdlərinin bir çoxunun sorağı bu gün də respublikamızın muxtəlif musiqi ocaqlarından gəlməkdədir. Virtuoz tar ifaçısı Əkrəm Məmmədli, Nazim Quliyev, Nazim Kazımov, Tariyel Abbasov, Tağı Tağıyev və bir çox tarzənlərə ilk dəfə tar tutmağı Səfər müəllim öyrətmişdir.

Əməyi qiymətləndirilən Səfər Rəcəbliyə 1964-cü ildə muxtar respublikanın 40 illik yubileyi günlərində bəstəkar Nəriman Məmmədovun təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adı verilmişdir. Yetirdiyi musiqiçilərin təşəbbüsü ilə Səfər Rəcəblinin adı əbədiləşdirilərək 1990-cı ilin oktyabr ayında Naxçıvan Şəhər 3 saylı Uşaq Musiqi Məktəbinə verilmişdir. Naxçıvan musiqi mədəniyyətinə istedadlı, məşhur musiqiçilər bəxş etmiş, misli – bərabəri olmayan pedaqoq Səfər Rəcəblinin xatirəsi bir çox musiqisevərlər üçün unudulmazdır. Səfər Rəcəblinin uzun illər rəhbərlik etdiyi “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının yetişdirdiyi, yüksəltdiyi musiqiçilər və həmin musiqiçilərin arasından yetişən gənc tarzənlər bu gün də Naxçıvanın musiqi tarixinin səhifələrini yazmaqdadırlar.

Bu gün muxtar respublikamızda müasir standartlara uyğun 26 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir ki, orada hər il yüzlərlə şagird tar ixtisası üzrə təhsil alır. Naxçıvan tar ifaçılığı məktəbinin yetirmələri olan həmin gənc ifaçılardan Samir Əsgərovu, Sərxan Abdullayevi, Orxan Cabbarovu, Toğrul Həsənovu, Cəlil İsmayılovu, Nicat Əkbərovu, Elməddin Axundovu, Kənan Feyzullayevi misal göstərə bilərik. Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından ruhlanaraq gənc tarzənlərimiz öz üzərlərində daim çalışır, musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvələrini əsirgəməyərək Azərbaycan musiqisini zənginləşdirirlər.

Fətəli Axundzadə

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: