Bəhruz Kəngərli Muzeyində rəssamın anım gününə həsr olumuş tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muzeyin direktoru Səbinə Əlincəli qonaqları salamlayaraq rəssamın həyat və yaradıcılığından söhbət açıb. O qeyd edib ki, 30 il ömür yaşamağına baxmayaraq adını Azərbaycan təsviri sənət salnaməsinə qızıl hərflərlə yazdıran Bəhruz Kəngərli əsl vətəndaş kimi Vətənlə bağlı heç bir hadisəyə laqeyd qalmayıb. “Qaçqınlar” silsiləsinə daxil olan əsərlərində rəssam bütöv bir xalqın həqiqətlərini var qüvvəsi ilə hayqırıb.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Bəhruz Kəngərli obrazı bədii ədəbiyyatda” mövzusunda çıxış edib və görkəmli rəssam haqqında yazdığı şeiri səsləndirib.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Şəmsiyyə Zalova “Naxçıvanın memarlıq abidələri Bəhruz Kəngərli tablolarında” mövzusunda çıxışında bildirib ki, görkəmli rəssam “Nuhun qəbri”, “Sınıq minarəli məscid”, ”Möminə xatun türbəsi”, “İmamzadə” rəsmlərini yaratmaqla adını incəsənət tariximizə ən yaxşı təsvirçi kimi yazdırıb.
Tədbirdə çıxış edən rəssam Səməd Məmmədov Bəhruz Kəngərli yaradıcılığının əks olunduğu albomu muzeyə hədiyyə edib.
Sonda muzeyin ekspozisiyası ilə tanışlıq olub.