Özbəkistan telekanalında Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair verilişlər nümayiş olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın “Sevimli TV” telekanalı nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub.
Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, mediatur çərçivəsində “Sevimli TV” telekanalının jurnalistləri Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonu və Xocalı rayonunun Əsgəran qəsəbəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair veriliş yayımlayıb.
Verilişdə tanınmış jurnalist Niqora Elmuradova “Qafqazın Xirosiması” adlandırılan Ağdamın görüntülərini nümayiş etdirərək Ermənistanın bu əraziləri otuz ilə yaxın işğal altında saxladığını və bölgəni tamamilə xarabalığa çevirdiyini, şəhərdə bütün infrastrukturun barbarcasına məhv etdiyini vurğulayıb. Müəllif bir vaxtlar Qafqazın çiçəklənmiş şəhəri olan Ağdamın görüntülərini acı və insanı dəhşətə gətirdiyini qeyd edib.
Həmçinin verilişdə Azərbaycan hökumətinin Qarabağın sürətlə bərpası və insanların əvvəlki həyatına qaytarılmasına diqqət yetirdiyini, həyata keçirilən quruculuq işləri barədə bəhs edilib. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunan bütün bölgələrində məscidlər, müqəddəs yerlər təhqir edilib.
Ekran əsərində hazırda Azərbaycan dövlətinin apardığı geniş bərpa işləri, ərazilərin partlamamış minalardan təmizlənməsi üzrə həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verilib.
“Sevimli TV” telekanalında yayılan ikinci veriliş isə Xocalı soyqırımının qurbanlarının daha bir kütləvi məzarlığının aşkarlanmasına həsr olunub. Bildirilib ki, aşkar olunmuş kütləvi məzarlıq Birinci Qarabağ müharibəsi zamanı erməni hərbi cinayətkarlarının vəhşicəsinə qətlə yetirdiyi mülki azərbaycanlılara məxsusdur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Zaur İsmayılov “Sevimli TV” telekanalına müsahibəsində aparılan istintaq-əməliyyat tədbirləri zamanı aşkar olunmuş kütləvi məzarlıqda cəsədlərin mülki şəxslərə aid olduğunun müəyyən edildiyini bildirib. Z.İsmayılov əlavə edib ki, həmin mülki şəxslər Xocalıdan Ağdama gedən yolda Əsgəran qalası yaxınlığında pusquya salınaraq öldürülüb, cəsədləri bu qalanın yaxınlığında kütləvi olaraq dəfn edilib.
Verilişdə, eyni zamanda, Əsgəranda aşkar olunan kütləvi məzarlığın ilk olmadığı da vurğulanıb. Bildirilib ki, 30 ildən sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında Ermənistan silahlıları tərəfindən qətlə yetirilmiş dinc əhalinin dəfn edildiyi çoxsaylı aşkar olunmuş və olunmamış məzarlıqlar mövcuddur.