Əməkdar rəssam Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında əməkdar rəssam Sabir Məmmədovun yaradıcılığına həsr olunan sərgi təşkil edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov əməkdar rəssamın həyat və yaradıcılığından bəhs edib, onun Naxçıvan rəssamlıq məktəbinin layiqli davamçılarından biri olduğunu vurğulayıb.
Digər çıxış edənlər Naxçıvan rəssamlarının muxtar respublikanın tərənnümündəki rolundan bəhs edib, Sabir Məmmədovun Bəhruz Kəngərli irsinin davamçısı kimi yaddaqalan əsərlər ərsəyə gətirdiyini vurğulayıblar. Bildirilib ki, sənətkar rəngkarlıq, heykəltəraşlıq, ağac üzərində yonma, metal üzərində işləmənin ən gözəl nümunələrini yaradıb, teatr rəssamlığı sahəsinə töhfələr verib. Vurğulanıb ki, “Haçadağ”, “Batabatda qış”, “Pəzməri şəlaləsinə gedən yol”, “Nəhəcir dağı”, “Naxçıvan XVIII əsrdə” və digər əsərləri onu doğma torpağa olan sevgisinin məhsuludur. Fırça ustası bügünədək Rusiya, Ukrayna, İran, Türkiyə və digər ölkələrdə, eləcə də paytaxt Bakıda keçirilən sənət sərgilərində iştirak edib, fərdi sərgiləri açılıb.
Əməkdar rəssam Sabir Məmmədov göstərilən diqqətə və yaradıcılığına verilə qiymətə görə minnətdarlığını bildirib, 4 əsərini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə edib.
Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil olunan sərgidə rəssamın çoxşaxəli yaradıcılığının məhsulu olan 40 işi yer alıb.