Naxçıvanda Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin doğum günü münasibətlə ədibin Naxçıvan şəhərində yerləşən ev muzeyində tədbir təşkil edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Mirzə Cəlilin zəngin yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatımıza və milli mətbuatımıza verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ədəbi məktəb formalaşdıran ədib ölkəmizdə dramaturgiyanın, teatrın, muzeyşünaslığın, ümumilikdə ictimai fikrin inkişafına əvəzsiz xidmətlət göstərib. Mövhumat və cəhalətin hökm sürdüyü dövrdə bir günəş kimi doğan "Molla Nəsrəddin" jurnalı məhz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə fəaliyyətə başlayıb, Azərbaycan mətbuatının sonrakı inkişafına və təkamülünə güclü təsir göstərib.
Gülbuta Babayeva diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadə şəxsiyyəti, onun azərbaycançılığa, milli birliyə səsləyən əsərləri barədə daim yüksək fikirləri səsləndirib, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərib. Bu ənənəni davam etdirən Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə yazıçının 140 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Ölkəmizin hər yerindinə, eləcə də doğulduğu Naxçıvan torpağındakı mədəniyyət ocaqlarında ədibin adı əbədiləşdirilib, əsərləri teatrların repertuarını bəzəyib.
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov ədibin xalqımızın milli istiqlalı və ərazi bütövlüyü uğrunda, ana dilinin qorunması sahəsində xidmətlərindən danışıb. Bildirilib ki, onun yüksək ali ideyalarla zəngin publisistikası, o cümlədən “Azərbaycan”, “Cümhuriyyət”, “Vətəndaşlar” kimi məqalələri, “Anamın kitabı”, “Kamança” kimi ölməz pyesləri Azərbaycanın yeni əsrdə müstəqillik və vətən bütövlüyü ideallarına xidmətin ən gözəl nümunələridir.
Sonra Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova yazıçının ədəbi irsinin qorunub saxlanılmasında, təbliğində muzeyin rolundan danışıb. Mədəniyyət ocağının baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva “Cəlil Məmmədquluzadə-155” başlıqlı sərgi ilə tədbir iştirakçılarını tanış edib. Yubiley tədbirinin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ədibin hekayələri qiraət olunub.