Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür

A- A A+

Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olub, özünəməxsus yaradıcılıq yolu keçib.

NUHÇIXAN xəbər verir ki, bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür.

Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.

“Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.

Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyətinin tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və digər ordenlər, eləcə də döyüş medalları ilə təltif olunub.

Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: