Cəlil Məmmədquluzadənin əsərləri Parisdə fransız dilində nəşr olunub - FOTOLAR

A- A A+

Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Kişmiş oyunu", “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi", "Molla Fəzləli" kimi novellaları yer alıb.

“Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.

Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.

Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: