Naxçıvanda musiqi məktəbinin muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Doğma Naxçıvanım” adlı konserti keçirilib. Naxçıvan Şəhər Gənclik Mərkəzində baş tutan konsertdə muxtar respublikanın mədəniyyət, ictimaiyyət nümayəndələri,qazilər, musiqi məktəblərinin müəllim və şagirdləri iştirak edib. Konsert proqramı başlamadan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanan, muxtariyyətin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Konsert zamanı məktəbin istedadlı şagirdlərinin təqdim etdiyi ifalar tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub.Konsert məktəbin xor kollektivinin təqdimatında Nizami Məmmədovun “Naxçıvan” mahnısının ifası ilə başlayıb. Görkəmli bəstəkarlar-Cahangir Cahangirovun, Fikrət Əmirovun, Əlibaba Məmmədovun əsərləri ifa edilib, həmçinin məktəbin skripkaçalanlar, qanunçalanlar, sazçalanlar, nağaraçalanlar ansamblı tərəfindən yaddaqalan əsərlər təqdim edilib. Astor Piazzolla, Frederik Şopen kimi dünya bəstəkarlarının əsərlərinə müraciət olunub.
Musiqi şöləni Rəşid Məmmədovun “Doğma Naxçıvan” əsərinin səsləndirilməsi ilə sona çatıb.
Konsert proqramından sonra Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Həsən Kərimov tədbirin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.
Sonda musiqi məktəbinin bir qrup müəllimi Naxçıvan Şəhər Mədəniyyət İdarəsi tərəfindən təltif olunub.