Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edən bəstəkar…

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının anadan olmasından 115 il ötür.

Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu il aprel ayının 5-də Dərbənd şəhərində anadan olub. Onun 11 yaşında ailəsi Bakı şəhərinə köçür.   1922-ci ildə Bakı Musiqi Texnikomuna daxil olan Afəs Zeynallı 1926-cı ildə təshilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının orkestr fakültəsinə daxil olur. Daha sonra bəstəkarlıq fakültəsində təhsilinə davam edir. Görkəmli bəstəkarlar – Ü. Hacıbəyov, B. Karaqiçev, L.P. Yablonkodan dərs alan Asəf Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı təhsil illərində yazmışdır.  Musiqi sənətimizə tarixi xidmətləri olan bəstəkar Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında peşəkar təhsil alan ilk Azərbaycan bəstəkarıdır. O, Azərbaycan “Tənqid təbliği” teatırında işə başlayan bir müddət sonra teatırın musiqi hissəsinə müdir təyin olunur. O, bir çox tamaşalara C.Cabbarlının “Sevil”, S.Rüstəm və H. Nəzərlinin “ Yanğın”, C. Xanədanın “Gizli əl”, A.Yanovskinin “Qəzəb” və sair musiqi tərtibatı vermişdir.

Musiqi irsi çox cəhətli olan Asəf Zeynallı müxtəlif janırlarda dəyərli əsərlər yaratmışdır. Azərbaycan musiqi tarixində milli romans janrının yaradıcısı kimi özünü tanıdan bəstəkar öz dəsti xətti ilə seçilmişdir. Onun “Sərhədçi” balladası vətənpərvərlik romansı, “Ölkəm” vətən haqqında olan himn, “Çadra” lirik əhval-ruhiyyəli monoloq, “Sual”, “Seyran” mahnı romansları isə qəmli dramatik lirikanın obrazlarını təcəssüm etdirir.

Görkəmli bəstəkar və ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların,fortepiano və skripka üçün miniatürlərin, həmçinin ilk simfonik əsər nümunələrinin müəllifidir. O, qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə professional musiqimizi daha da zənginləşdirmişdir.

İlk milli fortepiyano musiqi əsərlərinin meydana çıxmasında müstəsna xidməti olan Asəf Zeynallı ilk dəfə milli folklor yaradıcılığından əməl şəkildə istifadə edərək klassik Avopa fortepiyano musiqisinin səciyyəvi cəhətlərini birləşdirmişdir. Azərbaycan Musiqisinin təbliğinə böyük diqqət yetirən Asəf Zeynallı 1931-ci ildə Moskva və Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər verir doğma musiqilərimiz haqqında məruzələrlə çıxış edirdi.

Foklor nümunələrinin toplanıb, nota köçürülməsi və işlənməsi sahəsində faydalı işlər görən Asəf Zeynallı ölkəmizin hər bir bölgəsinə səfər etmiş bu səfəri nəticəsində çoxlu mahnılar nota almışdır. Onun bir pedaqoq kimi də xidmətləri böyük olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş,  “ İbtidai not savadı” adlı dərsliyi tərtib etmişdir. Bir çox tanınmış bəstəkarlar- Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov  Asəf Zeynallıdan dərs almışdır.

Bəstəkarın ən böyük arzusu “Bakı” adlı simfoniya yaratmaq idi. Ancaq vaxtsız ölüm onun arzularını gözündə qoydu. Hər kəsə verilən ömrü payı müxtəlifdir. Asəf Zeynallı cəmi 23 il yaşadı. Ancaq bu ömrü ilə xalqın sevimli bəstəkarına çevrilə bildi. Gözəl insani keyfiyyətləri, zəngin istedadı, ruha dinçlik verən musiqisi ilə qəlblərə ömürlük həkk olundu.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: