Hamıya yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncam bir sıra sahələri əhatə etdiyi, çoxsaylı silsilə tədbirlərlə qeyd edildiyi kimi, elm və təhsil qarşısında da mühüm vəzifələr müəyyənləşdirmişdir. Bu baxımdan Naxçıvan ədəbi mühitinin, onun tanınmış, görkəmli şəxsiyyətləri və yaradıcılıqlarının öyrənilməsini də aktuallığa çevirərək ümdə vəzifələr ortaya qoymuşdur. Bu yöndə Naxçıvanın tanınımş şeir-sənət adamlarından olan, ədəbi mühiti təmsil edən şair Hüseyn Fərəcoğlunun yaradıcılığının araşdırılması, yaradıcılıq xüsusiyyətləri və əsərlərinin öyrənilməsi mühüm məsələlərdən biri kimi nəzər diqqəti cəlb edir.
Hüseyn Fərəcoğlu adı naxçıvanlılara yaxşı tanışdı.Bu gözəl mənəviyyat sahibi, işıqlı insan həm bir sənətkar,həm də bir sənət adamı kimi hamının sevimlisi idi. O, doğma Naxçıvanın köklü nəsillərindən birinin nümayəndəsi idi,atası din adamı idi,məscid əhli idi,dünyagörmüş adam idi,halal adam idi. O,muxtar respublikanın demək olar ki, yaşıdı idi,1928-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdi.Əməksevər,zəhmətkeş bir insan idi,öz işi ilə fəxr edirdi,fəhlə şairəm deyirdi.Şeirlərini Hüseyn Fərəcoğlu imzası,təxəllüsü ilə yazırdı Hüseyn Abbasov.
Bu zəhmətkeş insan 30 ildən artıq yaradıcılıqla məşğul olub. Onun oxunaqlı lirik və satirik şeirləri,təmsilləri,poemaları var.Amma onun zəngin bədii yaradıcılığı demək olar ki, çox az nəşr olunub.Bir kiçik həcmli “Dəmir və zindan” kitabçası “Yazıçı” nəşriyyatında sağlığında çap olunub.Nəhayət,bu səmimi şairin arzuları gerçək oldu,onun ruhu sevindi.Budur, şairin bədii irsinin bir hissəsinin toplanmış olduğu “Xatirələr” kitabı masamın üzərindədir.Unudulmaz söz ustasının nəvələri bu missiyanı öz üzərinə götürüb həmin kitabı tərtib edib “Əcəmi” nəşriyyatında nəfis şəkildə nəşr etdirmişlər. Bu gözəl davranışı həm nəsillərin bir-birinə sədaqət və vəfa nümunəsi, miras və sərvətə qayğı örnəyi kimi təqdir etmək, həm də dövlət müstəqilliyinin bərpasından sonra müstəqilliyin bəxş etdiyi dərindən öyrənmə zərurətinin ehtiyacı olaraq qiymətləndirmək olar. Belə ki, qocaman və istedadlı şair Hüseyn Fərəcoğlunun yaradıcılığının öyrənilməsi, nəşri və təbliği sahəsində qiymətləndirilə bilən bu addım həm də özünəməxsus bir epoxanı, onun mahiyyəti və mənzərəsini, Naxçıvan ədəbi mühitini öyrənmək baxımından da əhəmiyyətli və dəyərlidir.
Haqqında bəhs etdiyimiz müəllif Hüseyn Fərəcoğlu Naxçıvan ədəbi mühitinin fərqli təəssüratlardan qarşılanmış və yaradıclığı qiymətləndirilmiş sənətkarıdır. O, 40-cı illərdən sonra ədəbi mühitdə özünün şeirlərilə görünərək şairlik mərtəbəsinə ucalmış, əsərləri, kitabları çap edilmişdir. Maraqlıdır ki, ədəbi tənqidi məqalələrdə müəllif haqqında bəhs edən bir sıra müəlliflər – akademik İ.Həbibbəyli, f.e.d. F.Xəlilov, Vəliyəddin Əliyev, Həsən Valeh “fəhlə şair” - deyə obrazlı ifadəsi ilə danışıblar. Əlbəttə, bunun qaynağı onunla əlaqəli idi ki, H.Fərəcoğlu özü də dediyi kimi, müharibə illərinin çətinliyinə düşən uşaqlığı və gəncliyi ona təhsil almağa imkan verməmiş, həyatda sənət olaraq çilingərliyi seçmiş, bu sənətin peşəkar nümayəndəsi olaraq tanınmış, şairliyə də məhz bu peşədən – çilingərlikdən gəlmişdir. Əlbəttə, şairlik istedad, ilham işidir, onun təhsil və mərtəbə ilə əlaqəsi yoxdur. H.Fərəcoğlu da özünün istedadı, tükənməz ilhamı ilə sənət aləmində özünə şöhrət qazanmış, gözəl, ilhamlı şeirləri ilə sənət dünyasında tanınmış, şairlik mərtəbəsinə ucalaraq oxucuların qəlbini fəth etməklə bərabər, ədəbi mühiti istedadla yazılmış bir-birindən gözəl ədəbi xüsusiyyətlərlə zəngin əsərlərilə zənginləşdirmişdir.
Hüseyn Fərəcoğlunun “Xatirələr”adını daşıyan kitabında mərhum şairimizin iki poeması,lirik şeirləri,ictimai şeirləri,satirik şeirləri,təmsilləri və uşaq şeirləri öz əksini tapmışdır.Bu kitabdakı əsərlər təsirli,mənalı, məzmunlu bədii nümunələrdir.
Hüseyn Fərəcoğlu səmimi və təvazökar şair idi.Naxçıvan ədəbi mühitinin istedadlı şairlərindən biri idi.Bu əmək adamı, vüqarlı şair özünə qarşı çox tələbkar idi.Təsadüfi deyil ki,şeirlərinin birində bu fikri belə ifadə etmişdi:
Mənim də el yanında
Barı güləydi üzüm
Gəzəydi eldən-elə
Yadda qalan bir sözüm
Onun bu düşüncələri əlyazmasında əksini tapmış cümlələrində də ifadə olunmuşdur: ”40-cı illərin qanlı-qadalı günləri mənim savad almağıma mane olub.Lakin həyat mənə həm müəllim,həm də məktəb olub.Mən şeir yazmağa gec başlasam da, beş-on təmsilim və kiçik satirik seirlərim məni xalqıma tanıdıb”.
Şairin lirik şeirlərində doğma Naxçıvanın təbiəti,gözəllikləri,əməkçi insanları vəsf olunur, Araz həsrəti dilə gətirilir,o, bir gün bu həsrətin vüsala dönəcəyinə ümidli olduğunu ifadə edir:
Öz hökmü var,Arazım,
Hər ayın,hər ilin də.
Gün gələr daha olmaz
Hər iki sahilində
Kinli silahlı əsgər
Nə də tikanlı çəpər
Açılar bağlı yollar
Qovuşar bir-birinə
Neçə illərdən bəri
Həsrət çəkən könüllər.
Şair bu misraları keçən əsrin 70-ci illərində qələmə almışdı.
Keçən əsrin 80-ci illərində “Şərq qapısı” qəzetində şairin “Dəmir və zindan” adlı kitabından bəhs edən bir yazıda göstərilirdi ki,əsasən təmsil və satirik şeirlər yazan H.Fərəcoğlu öz yazılarının getdikcə daha məzmunlu olmasına çalışır.O son vaxtlarda böhtançılara,qeybətlə məşğul olanlara qarşı bir sıra şeirlər yazmışdır.Daha çox sabiranə satiraları ilə diqqəti cəlb edən şair “Qeybətdən qeybət”,”Sən deyən oldu, mən deyən”,”Şərab düşkünü” kimi satiralarında mənfi tiplərin xarakterini məharətlə açır”.
H.Fərəcoğlunun təmsil yaradıcılığı da diqqəti cəlb edir.Məlumdur ki, təmsil yabançı xarakteri tamamilə çılpaqlaşdıran,onu ifşa edən ən əlverişli bir ədəbi janrdır. Şair M.Seyidzadənın, H.Ziyanın təmsillərindən ilhamlanmış, sanballı təmsillər qələmə almışdır.O keçən əsrin 60-cı illərindən təmsil yaradıcılığına başlamış, bütün sənət həyatı boyu bu ənənəyə sadiq qalmışdır.Bu baxımdan şairin “Süpürgə və döşəmə”,”Bal arısı və qarışqa”,”Kirpinin cavabı”,”Arı və hörümçək” kimi təmsillərində lovğalıq,təkəbbür tənqid olunur, düzlük,doğruluq kimi müsbət xüsusiyyətlər təqdir olunur. Sonuncu təmsil bu baxımdan diqqəti cəlb edir.Hörümçək arıya həsəd aparır,onu tora salır.Lakin qazdığı quyuya özü düşür:
Arını yeyən zaman
Qarnına batdı tikan
Hörümçəyin həyatı
Burda sona yetişdi
Özü qurduğu tora
Axırda özü düşdü.
Həqiqətən,H.Fərəcoğlunun yumoristik və satirik şeirləri, təmsilləri onun yaradıcılığında xüsusilə seçilir.
Bütün bu deyilənlərin fövqündə məxsusi olaraq qeyd edib, diqqətə çatdırmaq istəyirəm ki, şair H.Fərəcoğlunu ilhamlı, istedadlı, məharətli sənətkar – şair olaraq oxuculara sevdirən, ədəbi mühitdə tanıtdıran onun nəhəng söz ustadı Hüseyn Cavidin100 illiyi münasibətilə qələmə aldığı “Sənət qartalı” adlı poemasıdır. H.Fərəcoğlunun H.Cavidin anadan olmasının 100 illik yubileyi zamanı,ulu öndərin böyük qəhrəmanlıq və vətənsevərliyi nəticəsində “mənim tanrım gözəllikdir sevgidir”– deyən Azərbaycan romantizminin görkəmli nümayəndəsinin nəşinin Azərbaycana gətirilməsi,Naxçıvanda dəfn olunması şairimizi riqqətə gətirmiş və bu münasibətlə o,istedadlı bir şair kimi ”Sənəd qartalı” adlı gözəl və qiymətli sənət nümunəsi olan poema qələmə almışdı və bu qiymətli poetik əsər cavidşünaslığın qızıl fonduna daxil olmuşdur mən deyərdim ki.
Nəşr olunan poemanın ön sözünü AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, ədəbiyyatşünas alim, dosent Ramiz Qasımov yazmışdır. Ön sözündə yazılan bu qeydlər müəllifin sənətkarlığını qiymətləndirmək baxımından da əhəmiyyət kəsb edir. R.Qasımov yazır: “H.Fərəcoğlu çox böyük istedadla şair Hüseyn Cavidin yaradıcılıq idealları və humanist ideyalarını işıqlandırmış, böyük sənətkarın sənət kredosunu poetik şəkildə ifadə etmişdir. Müəllif Cavidin dilindən “Mən vurğunam sənətə, Alışan məhəbbətə” deməklə qüdrətli romantik sənətkarın bəşəriyyət üçün narahat olan, qayğılanan könlünün “Nicat məhəbbətdədir” ideyasını ifadə etməyə çalışmışdır. Əsər boyu aydın görünür ki, şair Hüseyn Fərəcoğlu Hüseyn Cavid kimi qüdrətli sənət korifeyinin yaradıcılıq ideallarını çox aydın başa düşmüş və onları yeri gəldikcə poetik bir ustalıqla ifadə etməyə çalışmışdır. Əsərdə “Bən anlamam hərbdən, siyasətdən” deyən böyük sənət qartalının “Mənim Tanrım gözəllikdir, sevgidir” idealı məharətlə bədiiləşdirilmişdir. Məharətli sənətkar H.Fərəcoğlu özünün obrazlar qalareyasına da Hüseyn Cavidin idealları və obrazları kontekstindən yanaşmış, onun leksikonundan da yararlanmaqla əsl Cavidnamə yaratmaq cəhdi nümayiş etdirmişdir”.
Ümumiyyətlə, şair H.Fərəcoğlu burada qüdrətli söz ustasının parlaq, əyilməz,tufanlara sinə gərən nurlu obrazını, onun ölməzliyini,əbədiyaşarlığını sənətkar məharəti ilə rəngli boyalarla canlandırmış,ifadə etmişdir.
Andı,eşqi qayəsi
Nurlu şeriyyət oldu
Tanrısı pak duyğular
Təmiz məhəbbət oldu
Ey şairlər ustadı
Ölməz adına alqış
Sənin qızıl qələmin
Xəzinələr yaratmış.
Beləliklə, təqdim edilən bu bir neçə kitab onun müəllifi olan istedadlı söz adamı Hüseyn Fərəcoğlunu tanıtmaq baxımından nə qədər böyük əhəmiyyət daşıyırsa, onun ərsəyə gəlməsinə böyük əmək sərf edən nəvələrin zəhmətinin nümunəsində də əcdada, sənətə və sənətkara verilən ali, yüksək mənəvi dəyəri, vəfa borcunu və övlad məhəbbətini nümayiş etdirir.
ƏBÜLFƏZ QULİYEV
AMEA-nın müxbir üzvü