Xalqın qəlbində əbədi yaşayan, sevilən, seçilən bəstəkar…

A- A A+

Azərbaycan musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin yaratdığı musiqi ənənələrinin davamçısı, özünəməxsus yaradıcılıq fəaliyyəti ilə seçilən istedadlı bəstəkarlardan biri olan Ramiz Mirişlinin bu gün anadan olan günüdür.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə zənginləşdirən Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. O, Asəf Zeynallı adına musiqi məktəbində oxumuş daha sonra 1956-ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır. 1962-ci ildə musiqi təhsilini başa vuran Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən bəhrələnərək yeni əsərlər yaratmışdır. Onun yaddaşlarda qalan bəstələri illər ötsə də, dillərdə oxunmaqdadır. "Bir könül sındırmışam", "Dalğalar", "Könül verdim", "Sənsən ürəyim", "Səndən danışdı", "Mən sənə neyləmişəm", "Oxu, tar", "Səadət", "Səni sevən baxışlar"ı eşitməyən insan varmı? mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan ruha dinclik verir... Musiqinin bütün janrlarına müraciət edən Ramiz Mirişli müxtəlif janrlarda əsərlər yazaraq operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilm musiqilərinin müəllifi olmuşdur.

Bildirim ki, musiqi janrlarından istifadə edən Ramiz Mirişli xalq arasında ən çox bəstəkarlığı ilə tanınıb. Bəstəkarın mahnı yaradıcılığı onu insanlar arasında sevdirib. Bəstəkar bu sevginin sirrini belə açmışdır: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür". Onun musqisi təkrar olunmaz, bənzərsizdir. Xalq arasında deyilir ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkardır, mahnılarının unudulmaz olması, daim dillərdə zümzümə olunmasının sirri də elə budur.

50 ildən çox yaşı olan “Dağlar” mahnısından söhbət düşəndə bəstəkar öz keçmiş xatirələrindən söhbət açar, mahnının necə yarandığını qeyd edirdi: "Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə "Dalğalar" adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu".

Azərbaycanın bütün tanınan müğənilləri Ramiz Mirişli yaradıcılığından bəhrələniblər. Onlardan - Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sair bir çox yeni müğənnilər onun mahnıları ilə şöhrətləniblər. Xüsusi qeyd edək ki, ölkəmizdə böyük bir nəsil onun mahnıları ilə yetişib.

Bəstəkara ümumxalq məhəbbəti qazandıran mahnıları - "Oxu tar",  "Salam kür çayı" olmuşdur. Bu gün də bu mahnılar xalqın dilində oxunmaqdadır.

Bəstəkarlar içərisində ən çox sevdiyim Ramiz Mirişlidir- deyən xalq şairi Fikrət Qoca onun haqqında ürək sözlərini demişdir: "Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb"

Xalqın sevimli bəstəkarı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün əsərlər yazmış, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olmuşdur. Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışan Ramiz Mirişli 20 ilə yaxın bir zamanda Azərbaycan Dövlət Koservatoriyasında dərs demişdir.

Sevilən bəstəkar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş bir çox fəxri adlara layiq görülmüşdür. O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını almışdır.

Ömrünün ahıl dövrünü yaşayan bəstəkar Ramiz Mirişli 2014-cü il 14 apreldə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Nəğməkar, Azərbaycanın musiqi janrlarında təkrarolunmaz nümunələr yaradan Ramiz Mirişli 2015-ci il aprel ayının 17-də, 81 yaşında vəfat etmişdir. O, bu gün aramızda olmasa da, yaratdığı, əmanət qoyub getdiyi mahnılarında anılır, yaşadılır.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: