Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub - FOTOLAR
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Möminə Xatun türbəsinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə muxtar respublikanın mədəniyyət ocaqlarının, ali, orta təhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri iştirak ediblər.
Nazirlik Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Vurğulanıb ki, qədim yaşayış və mədəniyyət mərkəzi olan Azərbaycan tarixi abidələrlə olduqca zəngindir. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülüb, zəngin qanunvericilik bazası yaradılıb. Bu gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və dünyada təbliğinə yüksək diqqət və qayğı göstərilir.
Həsən Kərimov Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” sərəncamlarında qarşıya qoyulan vəzifələrdən bəhs edərək bildirib ki, qarşıda muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək abidələrin müəyyənləşdirilməsi kimi mühüm vəzifələr dayanır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün təqdimatında konsert proqramı ilə davam edib. Sonra Naxçıvanın təbiətini, tarix və memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərindən, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub.
Tədbir Möminə Xatun türbəsinin ziyarət edilməsi ilə başa çatıb.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən muzey və abidələrin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində tədbirlər keçirilib, sərgilər qurulub, tələbə və şagirdlərin ziyarətləri təşkil olunub.