Bir-birindən gözəl, nəfis, orijinal əsərlər yaradan Xalq Rəssamı

A- A A+

Bu gün Azərbaycanın unudulmaz rəssamı Hüseyn Əlirza oğlu Əliyevin doğum günüdür.

Xalq rəssamı Hüseyn Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur mahalı Qarakilsə rayonunun Comərdli kəndində anadan olub. Gözünü təbiətin ən gözəl fəslində açan rəssamın elə uşaq yaşlarından təbiət gözəlliyinə, vətənin daşına-torpağına sonsuz sevgisi olubdur. Bu sevgi ilə böyüyən rəssam elə ilk təbiət duyarlığını 12 yaşında çəkdiyi mənzərədə diqqətə çatdırıb. Elə bu əsəri ilə də rəssamlıq arzularına yol açır… O, 1927-ci ildə Bakı şəhərində Rəssamlıq Texnikumuna daxil olur. Oxuduğu illərdə “Molla Nəsrəddin” jurnalına əməkdaşlıq edən Hüseyn Əliyevin bu dövrdə də bir çox karikaturaları və rəsm əsərləri işıq üzü görür. Məhz Hüseynin rəssam kimi formalaşmasında “Molla Nəsrəddin” jurnalının böyük rolu var idi.

1935-ci ildə Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsilini başa vuran Hüseyn Əliyev uzun illər qəzetdə rəssam işləyir. Qəzetçiliklə rəssamlıq sənətini birgə inkişaf etdirən Hüseyn 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsinə təqdim etdiyi əsəri ilə mükafata layiq görülmüşdür.

O, zamanın tələbləri əsasında çəkdiyi onlarca əsərlərində sadəliyi və orijinallığı önə çəkmişdir. Gənc rəssam İkinci Dünya müharibəsində cəbhəyə yollanmış, rəssam kimi fəaliyyət göstərərək, bir çox qanlı döyüşlərin, gördüyü qəhrəmanlıqların portretini yaratmışdır. Çəkdiyi əsərlərinə görə Hüseyn Əliyev “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə”, “Böyük Vətən müharibəsinin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Sonralar o, bacarıqlı rəssam kimi 3 dəfə Azərbaycan, 1 dəfə isə Ukrayna Ali Sovetinin Fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildə Rəssamlar İttifaqına üzv qəbul edilən Hüseyn Əliyev uzun illər ərzində yaratdığı bir-birindən gözəl, nəfis, orijinal əsərləri ilə 1976-cı ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülür.

Vətəninin füsunkar təbiətinin vurğunu olan Xalq rəssamı mənzərə ustası kimi məşhurlaşmışdı. O, 1960-1970-ci illərdə yaratdığı peyzajlar ilə sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi. Onun kətan üzərində canlandırdığı doğma təbiət rəsmlərində bənzərsiz mənzərələrlə qarşılaşır, yurd yerlərinin gözəlliyinə yenidən valeh olursan. Rəssamın yaratdığı “Göygöl”, “İlanlı dağ”, “Urud qalası" tabloları son dərəcə orijinal, qeyri-adi gözəlliyə malik əsər kimi insanların diqqətində yer tutub. Doğma ana yurduna məhəbbətini təcəssüm etdirən Hüseyn Əliyev Zəngəzur təbiətindən yaratdığı - “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” və sair kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.

Görkəmli rəssamın yaratdığı portretlərdə şair “Nizami Gəncəvi”, “Hüseyn Cavid” yaradıcılığı ilə insanı daxili dünyasına apararaq, düşündürücü təsir bağışlayır. Onun bir sıra portretləri tarixilik baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edim ki, 2004-cü ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Birləşmiş Ərəb Əmirliyində Xalq rəssamının əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Bu əlamətdar tədbirdə xarici ölkə vətəndaşları rəsmlərin əsrarəngizliyi və orijinallığı qarşısında heyrətlərini gizlədə bilməmişdilər. Əsərlər tamaşaçılar tərəfindən xoş qarşılanaraq azərbaycanlı rəssamın məharətinə məmnun qaldıqlarını bildiriblər.

Hüseyn Əliyev yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlar olmaqla bərabər, eyni zamanda nəqqaşlıqla da məşğul olar, su boyaları ilə də işləyərdi. O, alleqorik əsərlərə karikaturalar, təsvirlər çəkmiş, kitablara illüstrasiyalar işləmişdir.

Nəzərə çatdırım ki, əsl sənətkar olan Hüseyn Əliyev Azərbaycanda təsviri sənətin unudulmaz nümayəndələrindən biri olaraq, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. “Xalq” qəzetində uzun zaman bədii tərtibat şöbəsində baş rəssam işləmiş, sonralar  isə həmin şöbədə müdir kimi fəaliyyət göstərərək fırçasını qələmə də çevirmişdir.  

Bacarıqlı Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev ömrünün sonuna kimi yaradıcılıqla məşğul olmuşdur. O, 1991-ci ildə  may ayının 25-də, 80 yaşında Bakı şəhərində vəfat etmişdir.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: