Azərbaycanın istiqlal şairi Əmin Abid Gültəkinin “Buzlu cəhənnəm” kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub.
NUHÇIXAN xəbər verir ki, İstanbul Azərbaycan Mədəniyyət Evi tərəfindən işıq üzü görən kitabın tərtibatçısı Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir.
Kitabda Əmin Abidin Məmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Kafkasya” jurnalında Gültəkin təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də Əmin Abid imzası ilə yazdığı əsərlər yer alıb.
Əmin Abidinin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə bu kitabda çap edilib.
Qeyd edək ki, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda, anası Reyhan xanımın evdə açdığı məktəbdə, daha sonra III Aleksandr gimnaziyasında alıb. 1912-ci ildə qəzet və jurnallarda “Abid”, “Abid Mütəllibzadə”, “Abid Alp Mütəlliboğlu”, “Qozqurab bəy” və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib.
Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəsə də, Birinci Dünya müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə imkan verməyib. Şair bir müddət qardaşı, tanınmış şair Əliabbas Müznibin naşiri və redaktoru olduğu “Dirilik”, “Babayi-Əmir” jurnallarında çalışıb. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə Əmin Abid İstanbula təhsil almağa göndərilir. Öncə “Darülmüəllimeyi-Aliye”ni, sonra da İstanbul Darülfününün ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya qayıdaraq pedaqoji texnikumda, universitetdə, ümumtəhsil məktəblərində dərs deyib. 1938-ci ildə casusluqda ittiham edilərək güllələnib.