“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ayın 15-də Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə töhfə kimi “Naxçıvan məktəblilərin gözü ilə” adlı rəsm sərgisi açılıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə Naxçıvan Muxtar Respublkası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və “Məktəbli” qəzetinin təsisçisi Pərvin Məmmədov çıxış ediblər.
Çıxışlarda rəssamlıq sənətinə maraq göstərən uşaqlar üçün bu cür tədbirlərin əhəmiyyəti qeyd olunub. Sərgi rəssamlığa marağı olan gənclərin yaradıcılığının üzə çıxarılması, onların yaratdığı incəsənət dünyasına səyahət etmək, eyni zamanda qədim Naxçıvanımızın zəngin mədəniyyətini tanıtmaq imkanı baxımından yüksək qiymətləndirilib. Sərgilənən əsərlər sayəsində Naxçıvanın bugünkü və gələcək nəsillərinin zəngin irsimizi necə qəbul etdiyini və onu necə ifadə etdiklərini görmək imkanı yaradır. Sərgidə yer alan hər bir əsər məktəbli rəssamların dünyagörüşünü, daxili aləmini və yaradıcılıq potensialını əks etdirir.
Qeyd olunub ki, istedadlı uşaqların inkişafı üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Təşkil olunan sərginin bir məqsədi də gənc nəsildə incəsənətə maraq oyatmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, məktəblilərdə bədii düşüncə tərzini və yaradıcılıq duyğularını formalaşdırmaqdır.
Sonra sərgidə əsərləri nümayiş etdirilən məktəblilərə təşəkkürnamələr təqdim edilib.
Baxış zamanı qeyd edilib ki, sərgidə muxtar respublika məktəblərinin fırça həvəskarlarının 90-dan çox əl işi nümayiş etdirilir. Rəsmlərdə Naxçıvanın ecazkar təbiət mənzərələri, tarixi-mədəni abidələri, şanlı qələbəmizi əks etdirən motivlər rənglərin dili ilə ifadə olunub.
Qeyd edək ki, sərgi “Məktəbli” qəzeti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə baş tutub.