İğdırda Naxçıvan Dövlət Kukla Teatrının tamaşaları nümayiş etdirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyə Respublikasının İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə K.Ağayevanın “Tıq-tıq xanım” və Ə.Abbasovun “Keçinin qisası” tamaşalarını nümayiş etdiriblər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan, İqdir məktəbliləri tərəfindən izlənilən səhnə əsərləri Aras Peşə və Texniki Anadolu Liseyində nümayiş olunub.
Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar və Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Xalq artisti Şirzad Abutalıbov ortaq mədəni irsimizin, folklorumuzun təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs ediblər.
Sonra tamaşalar nümayiş olunub. Xalq artisti Şirzad Abutalıbovun quruluş verdiyi “Tıq-tıq xanım” tamaşasında və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynovun quruluş verdiyi “Keçinin qisası” tamaşasında Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Ulduz Süleymanova, Sənan Abutalıbov, Süleyman Süleymanov və digər aktyorlar rol alıb. Hər iki tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov,bəstəkarı Əli Məmmədovdur.
Tamaşalar balaca teatrsevərlərin alqışları ilə qarşılanıb. Nümayişdən sonra yaradıcı heyətə diplom və təşəkkürnamələr təqdim olunub.