Ulu babalarımızın hikmət dünyasından yoğrulan qədim musiqi alətlərimizdən biri də sazdır. Sazın ürək ovsunlayan səsində Dədə Qorqud nəfəsi, Koroğlu cəngisi, Kərəm yanğısı duyulur. Qədim alətimiz olan saz bizim mədəniyyətimiz, keçmişimizdir. Cilalana-cilalana dövrümüzə qədər gəlib çıxmış sazımız, bu qədim musiqi alətində çalınan mahnılar yurd sevgimizi, torpaq təşəbbüsümüzü, təmiz məhəbbətimizi özündə yaşatmış, bu gün də yaşatmaqdadır.
"Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamında qeyd olunur ki, "Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtı ilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tandılmasına ciddi ehtiyac vardır.
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir"
Bəli, ulularımızın hikmət dünyası, qədim musiqi alətlərimizdən biri olan saz xalqımızın yaddaşıdır, sazın ecazkar səsini eşidəndə həm milli musiqimiz, həm də milli şeirimiz gözlərimiz qarşısında bütün incəliyi, əvəzsiz gözəlliyi ilə canlanır. Milli ruhumuz sazın tellərinə hopduğu kimi, saz da bu ruhla cilalanıb.
Yaşı minilliklərlə ölçülən şeirimizin yüksəlişində saz sənətinin rolu əvəzsizdir. Xalqımızın aşıq sənəti hətta Avropada da sevilmiş, bir çox şəxsiyyətlərin qəlbinə yol tapmışdır. Görkəmli rus şairi Mixail Lermontov və İtalyan bəstəkarı Qliyer bu sənətin sehrli dünyasından faydalanıblar. Xalqımız qədim zamanlarda olduğu kimi, bu gün də saz dünyasına böyük rəğbət bəsləyir, ona sonsuz sevgi ilə yanaşır.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda aşıq sənətinin yüksəlişi yolunda əvəzsiz işlər görüb. Aşıq sənətinin bir çox tanınmış nümayəndələrinin yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə keçirilib, Azərbaycanda Aşıqlar Birliyi təşkil olunub.
Qopuz-saz xalqımızın, ümumiyyətlə, türk dünyasının döyüş marşını, savaş himnini çalıb, qəlbimizdə yurdsevərliyi formalaşdırıb. Aşıqlarımız saz çiynində oymaq-oymaq yurdumuzu gəzib, toy-düyünlər yola salıb, öyüd-nəsihəti, hikmətli kəlamları ilə yaddaşımızı təzələyib, bizə doğru yol göstəriblər. Kökü bizim eranın əvvəllərinə gedib çıxan, bir sıra boylarındakı motivləri V-VII yüzilliklərlə səsləşən "Kitabi-Dədə Qorqud" boylarının musiqi tutumu, oradakı söyləmələr, dil-üslub xüsusiyyətləri, musiqi alətlərinin adları bizə xalqımızın qədimliyindən xəbər verir. Bir sözlə, eposdan aydın olur ki, ozan da, onun çaldığı qopuz da uludur,müqəddəsdir.
Qədim Naxçıvan torpağında sözün qiymətini bilən, saz sənətimizi yaşadan sənətkarlarımız Naxçıvan aşıq məktəbini yaradıblar. Aşıq Abbas Dəhni, Ululu Kərim, Aşıq Molla İsmayıl, Aşıq Nəcəfalı, Dəvəçi Heydər, Aşiq Fətullah, Aşıq Nabat, Sərraf Qasım, Aşıq Həsənalı və digər Naxçıvan aşıqları haqqında rəvayətlər yaradılıb, bu sənətkarların qoşma, gəraylı və təcnisləri xalqın malına çevrilibdir.
Rayonumuzda da ötən əsrdə aşıq sənəti ruhunda yazıb-yaradan sənətkarlar olub. Bu sənətkarlardan biri də el arasında "Yamən" və "Sail" imzaları ilə söhrət qazanmış Yamin Abbasovdur. O, incə ruhlu şeirləri ilə oxucuların qəlbinə yol tapmış, insanların zövqünü oxşayan qoşma və gəraylıları ilə sevilmiş, "Sail və Sənəm", "Qaçaq Zelan" dastanlarının müəllifi olmuşdur. Onun "Sapdan-sapa düzüldüm" şeirlər kitabı hələ Sovetlər birliyi dönəmində çap olunub, oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Müasir gənclik bir çox qədim sənət növləri ilə yanaşı, saz sənətinə də böyük maraq göstərir, onu dərindən öyrənir, bu sənətimizi yaşadır. Bənəniyar uşaq musiqi məktəbinin yetirməsi, hazırda Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə tələbələri Aydın Quliyev və Dilavər Yaqubov saz sənətinin sirlərini öyrənir, bu qədim sənət növünü yaşatmaq üçün var qüvvələri ilə çalışırlar.
Saltaq kənd tam orta məktəbinin müəllimi Hilal Gülməmmədov, Bənəniyar kənd sakini Güloğlan Əliyev və başqaları saz sənətimizə hörmətlə yanaşır, onu ustalıqla ifa edirlər.
“Arazın səsi” qəzeti